28 fevral 2024 01:58
359

Paşinyanın KTMT müəmması

Ermənistan müxalifəti əmindir ki, Rusiya bütün "qırmızı cizgiləri" aşan Paşinyan hakimiyyətin davranışlarını cavabsız buraxmayacaq

Bir neçə gündür ki, Rusiyanın rəsmi dairələri Ermənistan hökumətindən dəqiqləşdirilmiş mövqe gözləyir. Söhbət Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurması ilə bağlı bağlı bəyanatından gedir. Qeyd edək ki, Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi. Bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı məsələyə maraqlı reaksiya verib. O, bundan itirənin erməni tərəfinin özü olacağını qeyd edib: “Əgər onlar KTMT-də olmaq istəmirlərsə, təşkilat dağılmayacaq, məhv olmayacaq”. Belarus Prezidenti bəyan edib ki, İrəvan hələ də qurumdan çıxdığını rəsmən açıqlamayıb və Ermənistanı qərar verməkdə tələsməməyə çağırıb: “Çıxmaq asandır. Amma sonra girmək çətin olacaq. Çıxmağa, nəyisə dondurmağa ehtiyac yoxdur”.

Rusiyalı hərbi analitik Pavel Felqenqauer isə müsahibəsində deyib ki, KTMT-Ermənistan münasibətlərindəki hazırkı vəziyyət həm KTMT-yə, həm də Rusiyaya çoxdan məlumdur. Çünki Ermənistan uzun müddətdir KTMT-ni tənqid edir, həm də bu strukturda iştirakdan imtina edir. Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlər və Rusiya Ermənistandan mövqeyi ilə bağlı tam aydın açıqlama gözləyir: “Tənqid etmək, şikayət etmək ayrı şeydir, KTMT üzvlüyünü dondurmaq isə başqa şeydir. Təşkilatın nizamnaməsi imtina ilə bağlı prosedurlara aydınlıq gətirir. Mənə elə gəlir ki, İrəvan məsələlərə dəqiq mövqe bildirməlidir”.

Analitikin fikrincə, Moskvanı çox güman ki, əsas sual maraqlandıracaq: Ermənistan KTMT-ni tərk edir, ya yox? Çünki strukturdan narazı olmaqla onu tərk etmək ayrı-ayrı şeylərdir: “Bu günlərdə edilən bütün şərhlərin məqsədi Ermənistan hakimiyyətinin tutduğu siyasi xətti aydınlaşdırmaqdır. Təbii ki, İrəvanın belə bir niyyəti nəzərə çarpır, amma imtina rəsmi şəkildə elan olunmur. Ona görə də belə məsələlərdə yalnız rəsmi açıqlamalar son dərəcə vacibdir. Lakin İrəvan aydınlaşdırmağa tələsmir. KTMT-dən çıxmaq isə bir sıra başqa məsələləri və problemləri ortaya çıxaracaq və ikitərəfli münasibətlərin pisləşməsinə gətirib çıxaracaq”.

“Ermənistan KTMT-dən çıxmaq qərarına gələrsə, Moskvanın reaksiyası necə olacaq” sualına analitik belə cavab verib ki, əslində Ermənistan-Rusiya münasibətlərinin əsas məzmunu ikitərəfli sənədlərdə öz əksini tapıb: “KTMT bütün ölkələr üçün az əhəmiyyət kəsb edən strukturdur, ona görə də Ermənistan-Rusiya münasibətlərinin əsas məzmunu KTMT-dən çıxmaqdan daha vacibdir və Ermənistanın bu məsələdə nə edəcəyi hələ də tam başadüşülən və aydın deyil”. Felqenhauer vurğulayıb ki, indiki mərhələdə Moskvanın belə hallarla necə davranmaq barədə ciddi strategiyası yoxdur, çünki bütün diqqət başqa məsələlərə yönəlib.

Ekspertlər bildirirlər ki, hazırda təşkilatla bağlı İrəvan müxtəlif bəhanələr uydurur. Məsələn, Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə vaxtı baş nazir Nikol Paşinyan KTMT-nin ölkəsi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib. Halbuki, savaş Azərbaycan ərazisində gedib və bu səbəbdən KTMT məsələyə müdaxiləni mümkünsüz adlandırıb. Bununla belə, keçən ilin mayında Paşinyan Ermənistanda təşkilatın “ölkəni tərk etməsi” ilə bağlı fikir formalaşdığını bildirib. Eyni zamanda, Paşinyan İrəvanın üzvlüyünün dayandırılmasına və ya dondurulmasına başlandığını bildirib.  Noyabrda o, KTMT sammitində iştirakdan imtina edib. Moskva və Minsk bundan sonra təəssüfləndiklərini bildiriblər. Bunun ardınca təşkilatın katibliyi və Kreml üzvlüyün dondurulması ilə bağlı Ermənistan tərəfdən rəsmi açıqlama almadıqlarını bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Paşinyanın sözlərinin mənasına aydınlıq gətirmək xahişi ilə İrəvana müraciət edəcək.  İstənilən halda görünən odur ki, Paşinyan ölkəsinin KTMT ilə yollaraını ayırmağa qərar verib.

Erməni politoloq Hrant Mikaelyan Ermənistanın artıq Fransa ilə təhlükəsizlik sahəsində əməkdaşlığının intensivləşdirilməsinə daha çox diqqət etdiyini xatırladıb. Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanatını şərh edən ekspert qeyd edib ki, faktiki dondurulma ən azı bir il əvvəl baş verib. O xatırladıb ki, bundan xeyli əvvəl Ermənistan faktiki olaraq KTMT-nin iclaslarında iştirakını dayandırıb, blok çərçivəsində bütün təlimlərdə iştirakdan imtina edib və yeni nümayəndə təyin etmədən təşkilatdakı nümayəndəsini geri çağırıb. Mikaelyan gələcəkdə İrəvanın KTMT-yə üzvlüyü məsələsinin gündəmə gətiriləcəyi barədə fikir bildirib. KTMT-dən çıxmaq prosedurunun olduğunu, lakin quruma üzvlüyün dondurulması prosedurunun olmadığını qeyd edən politoloq indi söhbətin institusional yox, siyasi qərardan və fəaliyyətdən getdiyini vurğulayıb: “Ancaq bunun institusional təsiri var. Yəni bir tərəfdən formal olaraq Ermənistan təşkilatın üzvü kimi göstərilib, amma faktiki olaraq Ermənistan artıq onu tərk edir. Bu o deməkdir ki, müəyyən müddətdən sonra quruma üzvlük məsələsi də gündəmə gələcək”.

Politoloq, həmçinin İrəvan-Kreml qarşıdurmasının tezliklə real nəticələrinin ola biləcəyini vurğulayıb. Onun fikrincə, Paşinyan hakimiyyəti Rusiyadan xırda addımlar ilə uzaqlaşmağa çalışsa da, Kremlin reaksiyası Ermənistan üçün faciəvi xarakter daşıya bilər: "Yəqin ki, müəyyən müddətdən sonra rəsmi İrəvan KTMT-nın tərk edilməsi, Rusiya ilə ikitərəfli hərbi müttəfiqliyin pozulması, rus bazalarının çıxarılması və s. bu kimi məsələləri daha da qabartmağa çalışacaq. Rusiyanın təhlükəsizlik təminatını Fransanın himayəsi ilə əvəzləməyə cəhd göstərirlər. Ancaq unudurlar ki, Fransanın Ermənistanı qorumaq üçün potensialı mövcud deyil".

Erməni politoloq hesab edir ki, Ermənistanın Rusiya ilə münasibətləri gərginləşməkdə davam etdikcə, Azərbaycanın sülh sazişini imzalamaq həvəsi də zəifləyəcək. Onun fikrincə, İrəvan-Kreml qarşıdurmasının başlanğıcında Rusiya regional proseslərə neytral mövqedən yanaşmağa üstünlük verirdi, indi isə Azərbaycana daha çox yaxınlaşmağa başlayıb: "Əgər Kreml Azərbaycanı dəstəkləmək barədə qəti qərar verərsə, bu, Ermənistanın sonunu gətirə biləcək fəlakət olacaq. Hər halda, Paşinyan hakimiyyəti anlamalıdır ki, Rusiyanın reaksiyası bir qədər sonra mütləq olacaq və sarsıdıcı xarakter daşıyacaq".

Göründüyü kimi, rəsmi İrəvan hazırda böyük riskə gedir. Hətta ermənilər belə anlayırlar ki, Rusiya Paşinyan hakimiyyətinin davranışlarını cavabsız buraxmayacaq. Kremlin reaksiyası hətta Ermənistan dövlətçiliyinin ləğvi ilə də nəticələnə bilər.

Sevinc Azadi, “İki sahil”