28 fevral 2024 01:15
448

Qarabağ və Şərqi Zəngəzur: Böyük layihələr, tikinti-quruculuq meydanı

Vətən müharibəsindən keçən 3 il ərzində işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışının təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunur. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər kompleks xarakter daşıyır və bu gün də uğurla davam etdirilir.

Bu işlərdən biri də bərpaolunan enerji mənbələri ilə bağlıdır. Belə ki, ərazilərimizin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə imkan verir.  Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bütövlükdə isə hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaq. Göründüyü kimi, Azərbaycanın COP29-a hesabatı üçün uğurlu işləri, “yaşıl enerji” layihələri kifayət qədərdir.

Ölkəmizin maliyyə gücünün artması Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün daha çox vəsait xərcləməyə imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılması da bunu sübut edir. Məlum olduğu kimi, ötən ilin sonuna qədər burada həyata keçirilən bərpa-quruculuq işlərinə təqribən 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb. Bu da bərpa və yenidənqurma işlərinin daha böyük sürətlə aparılmasına imkan yaradır. Bununla da dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması və onların təhlükəsizliyi üçün hər cür şərait yaradılır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndirilir. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunaraq bildirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsini, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsini Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə kimi səciyyələndirən ölkə Prezidenti bunun üçün, ilk növbədə, torpaqlarımızın minalardan təmizlənməsini bəyan edib. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə 300-dən artıq vətəndaşımız mənfur düşmənin basdırdığı minaların və partlamamış hərbi sursatların işə düşməsi nəticəsində ya həyatını, ya da sağlamlığını itirib. Prezident İlham Əliyev andiçmə mərasimində bu faciəli hadisələrdən təəssüfləndiyini bildirərək ötən müddətdə 120 min hektar artıq təmizləndiyini, bu istiqamətdə işlərin hazırda da sürətlə davam etdirildiyini diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılmasının təmin olunması nəzərdə tutulur. Andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunan ölkə Prezidenti keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla davam etdiyini vurğulayaraq deyib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir”.

Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması planlaşdırılıb. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağlı işlərin 2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Artıq bir çox şəhər və kəndlərdə inşaat işləri başlanılıb. Böyük Qayıdış Proqramının birinci mərhələsi isə 2026-cı ilin sonunda başa çatdırılacaq.

Bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yardılması istiqamətində reallaşdırılan layihələr çərçivəsində 40 tunel və 90 körpü inşa edilir, polad magistrallar salınır, bütün elektrik təsərrüfatı yenidən qurulur. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində bu istiqamətdə təqdirəlayiq işlərin görüldüyün vurğulayarq bir daha bəyan edib ki, işğaldan azad olunmuş ərazilərimizdə bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri salınacaq və tarixi şəhərlərimizin əvvəlki siması bərpa ediləcək.

Nigar Orucova, “İki sahil”