28 fevral 2024 09:56
315

Xalqın ümidlərini reallaşdıran peşəkar yanaşma və effektiv strategiya

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin təməlini qoydu. Bu, kifayət qədər səmimi görüş, yaşanmış emosiyalar isə xalq-dövlət birliyinin daha bir açıq təzahürü idi. Əminəm, Azərbaycan ictimaiyyəti gələcəkdə yazılacaq müxtəlif memuarların səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda yeni və maraqlı faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini təşkil etdiyi üçün sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi unudulmayacaq və milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək.

“İki sahil” xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Xalqın ümidlərini reallaşdıran peşəkar yanaşma və effektiv strategiya” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bütün bu məqamları dəyərləndirərkən ilk baxışdan bir o qədər də diqqət cəlb etməyən Prezident İlham Əliyevin bu fikirləri üzərindən kiçik təhlil aparmaq istərdik: “Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”.

Prezidentin siyasi strategiyasının təhlili kontekstində heç şübhəsiz ki, yuxarıda qeyd olunan fikirlərinin açar ifadələri bunlardır: “bu layihə çoxdan hazır idi”, “memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım”, “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq”.

Əslində, yuxarıda qeyd olunan bir neçə cümlədə biz Prezidentin dövlətçilik siyasətinin əsas xüsusiyyət və prinsiplərini görə bilərik. Onları aydın və lakonik şəkildə təsvir etməyə çalışaq. Yuxarıda qeyd olunan sözlər ilk növbədə aydın şəkildə bizlərə göstərir ki, cənab Prezident heç bir zaman təsadüfi addımlar atmır, qəbul etdiyi qərarlar isə perspektiv xarakterlidir. Dövlət başçısının qərarları heç zaman situativ xarakterli olmamışdır. Mütləq olaraq və xüsusi vurğulayaraq qeyd etməliyik ki, sözügedən xüsusiyyət yalnız milli maraqlara sadiq olan peşəkar siyasətçilərə məxsusdur. Ucuz reytinqə qulluq edən və bir günlük siyasi dividend əldə etmək istəyən demaqoqlar isə öz fəaliyyətini məsuliyyətsiz bəyanatların verilməsi ilə məhdudlaşdırar.

Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq” sözlərinin növbəti təsbiti qeyd etmək üçün əsas verirlər: gələcəyə hesablanmış siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas amillər onun gələcəyə olan inamı və fəaliyyətində gücünü məhz xalqın dəstəyindən almasıdır. Dövlət siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər. Odur ki, çəkinmədən deyə bilərik ki, hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas anlayışlarından olmaq haqqını qazanıblar.

Dövlət başçısının yuxarıda qeyd olunan fikirləri bizlərə onu da göstərir ki, zamanında cavabsız qalmış bəzi sualların cavablarını biz real həyatda əldə olunmuş nəticələrdə, uğurlarda görürük. Bəzi qərəzli tənqidlərin cavabsız qalmasının əsas səbəbi budur ki, vaxtından tez verilmiş şərhlər və ya cavablar müəyyən olunmuş hədəflərə aparan siyasi strategiyanı ifşa edə bilər. İfşa olunmuş strategiya isə hədəflərin nail olunması üçün əsaslı maneələrin yaranmasına səbəb ola bilər. Qeyd olunan mülahizə bir daha onu göstərir ki, Prezident İlham Əliyev populist siyasətdən və ucuz siyasi dividend qazandıran demaqogiyadan çox uzaqdır. Odur ki, bu gün fəxrlə danışdığımız uğurlar məhz ölkəmizin qüdrətini artıran strategiyanın mərhələli şəkildə reallaşmasının təzahürüdür.

Radikalların emosional, qərəzli və sifarişli tənqidlərinə gəldikdə isə bilməliyik ki, onların bu cür davranışı elə ona hesablanıb ki, bu cür tənqidlərə veriləcək cavablarda dövlət strategiyasının təfərrüatları ifşa olunsun. Təfərrüatların ifşa olunması isə bilavasitə milli təhlükəsizlik üçün real təhdid yarada bilər. Siyasi münasibətlərdə yaşanan bəzi hadisələrə dair şəxsi mövqeyini müəyyən edən zaman qeyd olunan obyektiv həqiqət mütləq olaraq nəzərə alınmalıdır.

Aparılan siyasətin strateji hədəfi məhz milli maraqların təminatı olduğu halda demaqoji manipulyasiyalar bağışlanmaz səhv və hətta təlxəklikdir. Təəssüf ki, bu ucuz təhrikedici təlxəkliyi biz yenə də AXCP-nin ifadəsində 26 fevral tarixində Bakıda Xocalı prospektində görməyə məcbur olduq. Bu siyasişivənlər yeniyetmə yutuberlər kimi qalmaqal və ucuz şou yaratmaq niyyəti ilə Xocalı prospektində təhrikedici əməllər ilə məşğul olan zaman Prezident İlham Əliyev Xocalıda bu şəhərin sakinləri ilə birlikdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksinin təməlini qoyurdu. Xalqın ümidlərini reallaşdıran effektiv siyasətin real nəticəsi budur: işğaldan azad olunmuş hər bir yaşayış məntəqəsində ucaldılmış Azərbaycan bayrağı və ərazi bütövlüyümüzün təmin olunması. Ümidlərini yalnız küçə iğtişaşlarına bağlayan vətənşivənlər isə öz qaranlıq niyyətlərində hər zaman məyusluq yaşamağa məhkumdurlar.