05 mart 2024 00:45
369

Zəngəzur dəhlizi sülh prosesində mühüm rol oynaya bilər

Üç ilə yaxın bir müddətdə davam edən sülh prosesinə və danışıqlara sadiq olan Azərbaycanın əksinə olaraq Ermənistan hələ də bəzi Qərb ölkələrinin təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir. Rəsmi İrəvanın son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatları, bu ölkənin sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Çünki Rusiyanı regiondan çıxarıb bu coğrafiyada möhkəmlənmək istəyən Qərb ölkələrinin əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir.

Təbi ki, Ermənistan sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, ölkəmizin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərini qəbul etməlidir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün mövcud beş baza prinsiplərindən biri də nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulmasıdır. Azərbaycan bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması bərədə şərtlərini təqdim edib. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu şərtləri qəbul etmək istəmir, üçtərəfli birgə komissiyanın fəaliyyətinə mane olmağa çalışır.

Ekspertlərin də bildirdiyi kimi, Ermənistan sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında hələ də vahid bir qərar verə bilmir. Belə ki, rəsmi İrəvan Qərbdəki havadarlarının təlimatlarını yerinə yetirərək inadla Zəngəzur dəhlizin açılmasına qarşı çıxır. Halbuki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb.

Reallaşacağı təqdirdə Ermənistana da mühüm siyasi və iqtisadi dividendlər qazandıracaq Zəngəzur dəhlizi Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə, Orta Asiyanı Avropa ilə birləşdirəcək, Aralıq dənizindən dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinə qədər nəhəng bir ərazini əhatə edəcək Zəngəzur dəhlizi regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatına böyük töhfələr verəcək. Dəhlizin reallaşması nəticəsində Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Orta Dəhlizin potensialı gündən-günə artır, Zəngəzur dəhlizinin açılması isə onun gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq.

Rəsmi Bakı daim bəyan edir ki, Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Üçüncü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov bildirib ki, postmünaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər: “Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər”.

Bütün bunların fonunda bir daha əmin olmaq istərdik ki, rəsmi İrəvan qısa müddətdə müstəqil siyasət yeridərək bəzi Qərb ölkələrinin təhriki ilə sülh prosesini sabotaj etməkdən əl çəkəcək, həmçinin Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətini dərk edərək bu dəhliz vasitəsilə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına əngəl törətməkdən imtina edəcək. Bu ölkənin siyasi rəhbərliyi bütün bunlara nə qədər tez əməl etsə bir o qədər yaxşı olar. Çünki regionda uzunmüddətli və davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması üçün bundan başqa yol yoxdur.

Zahid Rza, “İki sahil”