16 oktyabr 2025 00:14
111

Bu gün azad Füzuli şəhəri yenidən dirçəlir

Füzulinin işğaldan azad olunması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi hesab olunur. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək uzun illər işğal altında olan torpaqlarımızı azad etdi. Bu döyüşlərdə Füzuli şəhərinin azad olunması xüsusi strateji və mənəvi əhəmiyyətə malik idi. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Füzuliyə daxil olaraq şəhəri düşməndən tam azad etdi. Bu hadisə xalqımızın qələbəyə olan inamını daha da gücləndirdi və növbəti uğurların başlanğıcını qoydu.

Füzuli şəhəri müharibə zamanı tamamilə dağıdılmış, yaşayış binaları, məktəblər, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdi. Amma işğaldan azad olunduqdan sonra qısa müddətdə burada bərpa və yenidənqurma işlərinə başlanıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərin müasir infrastrukturu formalaşır, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar və yaşayış massivləri inşa olunur. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin iqtisadi və turizm potensialının artmasına təkan verdi.

Füzulinin azad olunması həm də xalqımızın birliyinin və dövlətimizin qüdrətinin göstəricisidir. Bu qələbə Azərbaycan əsgərinin və zabitinin hünərini, xalqın Ali Baş Komandana olan sarsılmaz etimadını nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər zamanı minlərlə hərbçimiz böyük fədakarlıq göstərdi və bu torpaqlar uğrunda canlarını fəda etdi. Onların qəhrəmanlığı bu gün müstəqilliyimizin və azadlığımızın rəmzinə çevrilib.

Bu gün Füzuli şəhəri yenidən dirçəlir. Azad torpaqlarda həyat bərpa olunur, doğma yurdlarına qayıdan sakinlər üçün bütün şərait yaradılır. Müasir və abad şəhər infrastrukturu, yaşıl enerji layihələri və sosial proqramlar bu bölgəni Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevirməkdədir.

Füzulinin işğaldan azad olunması Azərbaycan tarixində qürur, zəfər və yenilməz iradə rəmzidir. Bu hadisə göstərdi ki, Azərbaycan xalqı bir olduqda, heç bir güc onun qarşısında dura bilməz. Bu zəfər həm torpaqlarımızın azadlığını, həm də xalqımızın əzmini dünyaya nümayiş etdirdi.
 

Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı