16 oktyabr 2025 02:31
130

Zəngilanın zəfər tarixi

Azərbaycanın dilbər güşələrindən biri olmaqla yanaşı, həm də strateji cəhətdən vacib əhəmiyyətə malik Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici rol oynadı

Beş il öncə müzəffər ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi, yeni tarix - 20 oktyabr 2020-ci il Zəfər tarixini yazdı. Beləliklə, Zəngilan azadlığına qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: "Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir"! Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahiblərinə qaytarıldı. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız  olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətini ortaya qoymuşdu. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən də vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.

Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətli bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 5 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir çox yaşayış məskənində müasir infrastruktur qurulub, "ağıllı kənd" Ağalı salınıb. Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük Qayıdışa məhz Zəngilanda "ağıllı kənd"in tikintisi ilə start verildi. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Qarabağın “yaşıl enerji zonası”na çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.

Həyata keçirilməsi nəzərdə tutulan layihələr içərisində logistic layihələr xüsusi əhəmiyyətə malikdir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunub. Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Bundan əlavə, Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Qısa müddət ərzində həyata keçirilən bu işlər ölkəmizin iqtisadi gücünün və dövlət qayğısının göstəricisidir. Belə əmin və gələcəyə hesablanmış addımların nəticəsində Qarabağ və Şərqi Zəngəzur nəinki əvvəlki möhtəşəmliyinə qovuşacaq, hətta müasir dövrümüzün “yaşıl dünya”sına çevriləcəkdir.

Sevinc Azadi, “İki sahil”