Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 13-də keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyət, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
Komitədən bildirilib ki, dövlət əmlaklarının çoxçeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az linkindən əldə etmək mümkündür.
Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prosesi dayanıqlığını qoruyub saxlayır. Bu istiqamətdə görülən işlərin dinamikliyini artıran hərracların keçirilməsi isə investorların marağını artırmaqla özəlləşdirilmə sahəsində maksimum operativliyi təmin edir. Dövlət əmlaklarının hərraclar vasitəsilə özəlləşdirilməsi, bu sahədə əlçatanlığın artmasına, iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarının genişləndirilməsinə imkan verir.
Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən Yardımçı təsərrüfat, Şəmkir Balıq Zavodu, Maştağa avtodəstəsi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-si sənaye, qalanları isə digər sahələrə aiddir.
Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir Balıq Zavodu yeyinti sənayesini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün gəlirli obyektdir. Həmin əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir. Həmin obyektin ümumi faydalı sahəsi 350 kvadratmetrə yaxın, torpaq sahəsi isə 4 min 500 kvadratmetrdən çoxdur. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kvadratmetr ilə 447 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və sair sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifidir. Həmin avtomobillərin buraxılış tarixləri 2006-2007-ci illəri əhatə edir.
İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.