10 fevral 2018 00:27
2076

Sənayenin yeni yüksəliş mərhələsi

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir müəssisə fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Bu gün sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye zonalarının yaradılması uğurla davam etdirilir.

Son illərdə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, 2017-ci ildə  qeyri-neft sektorumuzda artım 2,5 faiz təşkil edib. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb.

Regionların sosial-iqtisadi inkişafına dair bu günə qədər reallaşan üç Dövlət proqramları çərçivəsində Azərbaycan bölgələrində də xeyli işlər görülüb. Bölgələrimizdə investisiya mühiti xeyli yaxşılaşıb, yeni iş yerləri yaradılıb. Bölgələrə daha çox sərmayə cəlb edilməsi istiqamətində qarşıya qoyulan məsələ də məhz bu məqsədə xidmət edir.

Hər bir regionda  sənaye zonalarının yaradılması əyalətlərin sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Hacıqabul, Nefçala və Masallıda  sənaye məhəlləsi, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanıda, Qaradağda, Mingəçevirdə, Pirallahıda Sənaye parkları, Yüksək Texnologiyalar Parkı yaradılıb. Bunun ardınca Azərbaycanın hər bir regionunda  sənaye zonalarının yaradılması iqtisadi inkişafda üstünlüklər vəd edir. Ölkənin hər bir regionunda sənaye zonalarının yaradılması prosesi qısamüddətli deyil. Sənaye zonaları regionların müəyyən istiqamət üzrə ixtisaslaşması, həmçinin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan müsbət addımdır. Bu proses regionlarda əlavə iş yerlərinin yaradılması, iqtisadiyyatın sənaye bölümü üzrə əlavə istiqamətlərin təkmilləşdirilməsi, bu istiqamətdə dövlət dəstəyinin təşkili mexanizmlərinin inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir.

Ümumilikdə isə regionlar üzrə sənaye zonaları yaradılması bölgələrin sosial-iqtisadi inkişafına, məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə, həmçinin urbanizasiya kimi problemin aradan qaldırılmasına təkan verməklə yanaşı, ölkə iqtisadiyyatına daha müsbət təsir göstərə bilər. Bu fonda xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarının istehsalı istiqamətində irəliləyişin baş verməsi gözlənilir”.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqi ilə çıxış edərkən deyib ki, bu il “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur: “Sumqayıt Kimya Sənaye Parkının yaradılması hesab edirəm ki, bizim böyük uğurumuzdur. Bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki, xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.”

Prezident İlham Əliyev, həmçinin konfransda Sumqayıt şəhərində təməli qoyulmuş və yaxın gələcəkdə istifadətə veriləcək Əyirici boyaq fabriki haqqında danışıb: “Bildiyiniz kimi, bir müddət bundan əvvəl “Azərxalça” İstehsalat Birliyi yaradılmışdır... Mən bir neçə yeni xalça fabrikinin açılışında şəxsən iştirak etmişəm, bu il isə 10 yeni fabrikin açılışı nəzərdə tutulur. Beləliklə, bu ilin sonuna qədər bizdə 20 xalça fabriki fəaliyyət göstərəcək... Xarici xammaldan asılılığı azaltmaq üçün ötən il Sumqayıtda Əyirici boyaq fabrikinin təməli qoyuldu. Beləliklə, biz özümüzü lazım olan bütün vasitələrlə, iplərlə, boyalarla təmin edəcəyik. Pambıq və barama istehsalı artır. Ona görə biz xalçaçılığı yerli xammal əsasında qururuq və quracağıq. Onu da qeyd etməliyəm ki, bu il bölgələrdə bir neçə yun qəbulu məntəqəsi yaradılacaq. Əlbəttə ki, xalçaçılıq sənətinə bunun da böyük köməyi olacaq.”

Hazırda ölkəmizdə sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir, həm də bu məqsədlə orta və kiçik sahibkarlığın inkişafına diqqət artırılır. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanda sənayenin inkişafı idxaldan asılılığı tamamilə aradan qaldıracaq və böyük ixrac potensialı yaradacaq. Cənubi Qafqazın ən böyük sənaye mərkəzi olan paytaxtımız Bakıda, eləcə də Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində çox böyük sənaye mərkəzləri yaradılması da bu fikrin reallığından xəbər verir.

Orxan Vahidoğlu, “İki sahil”