08 mart 2024 19:10
743

“Sirli” “Toplum Tv”: Maliyyə maxinasiyaları, qanunsuz fəaliyyət, gizli qrantlar...

ABŞ və digər Qərb ölkələri, xüsusilə Fransa Azərbaycanın son illərdə güclənən mövqeyini, beynəlxalq və ya donor təşkilatlardan, maliyyə qurumlarından asılı olmaması, bölgədə yeni reallıqalr yaratmasını, bir sözlə, ortaya qoyduğu siyasi əzmi həzm edə bilmirlər. Ona görə də onlar müxtəlif beynəlxalq qurumlar, o cümlədən Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı kim qurumlar vasitəsilə hər vəchlə rəsmi Bakıya təzyiqlər edirlər.  Onlar həmçinin anti-Azərbaycan təbliğatları üçün USAID, "Human Rights Watch", "Amnesty International" kimi "ixtisaslaşmış" təsisatlarını, həmçinin bəzi media strukturlarını da təsir dairələrinə salıblar. Təəssüf ki, həmin media strukturları arasında “Toplum Tv”də vardır. 

Bir neçə gün öncə əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi verilməyən, abunə sistemi ilə işləməyən, daimi alıcıları olmayan, oxucuları üçün kod sistemi tətbiq etməyən, Media Reyestrində qeydiyyatdan keçməyən və bunu “Media haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri ilə razılaşmadıqları ilə əsaslandırmağa çalışan, qazanc gətirən legitim maliyyə qaynağı görünməyən, amma kifayət qədər böyük maliyyə dövriyyəsi mövcud olan “Toplum Tv”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilib. Bu qurumun bir qrup əməkdaşı məsuliyyətə çəlb edilib.

Diqqətlə fikir verəndə görmək olar ki, “Toplum Tv” internet televiziyası ilə bağlı eyni prosesin bir müddət öncə “Abzas Media” baş verən prosesin tərkib hissəsidir. Qeyd edək ki, “Abzas media” ilə əlaqədar aparılan istintaq tədbirləri nəticəsində çoxsaylı qanun pozuntuları aşkarlanmışdı. Yəni, vəsaitin reklam hesabına qazanılmadığı, imkanlı adamların xeyriyyəçiliyindən irəli gəlmədiyi, onların ABŞ-dan ötürüldüyü  üzə çıxmışdı. Belə ki, məlum  olmuşdur ki, geniş şəbəkə yaradılmaqla maliyyə maxinasiyaları həyata keçirilmiş, bu məqsədlə çirkli pullar yuyulmuşdur. “Toplum TV”də baş verənlər də demək olar ki, onunla eynidir. “Toplum Tv”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma  bu da qapalı saxlanılır. Şübhəsiz, bu da qanun pozuntusudur. Bir sözlə, görünən budur ki, “Toplum Tv”nin bir sıra "sirləri" vardır ki, onları da hüquq-mühafizə orqanları çözəcəklər.

Bəli, Qərbin bəzi dairələri maliyyə imkanları hesabına Azərbaycanda qarışıqlıq yaratmaq, Azərbaycanla Ermənistan arasında münasibətləri yenidən gərginləşdirmək, neokolonialist siyasəti təbliğ üçün bütün mümkün vasitələrdən  istifadə etməkdədir. “Toplum Tv”nin Qərbdən gələn sifarişlər üzrə necə təxribatlar törətdiyi artıq arqumentlərlə isbat edilib. Amma Qərbin pul kisəsindən asılı olan “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi qurumlar “Toplum Tv” ətrafında aparılan  araşdırmanı özlərinin dəst-xətlərinə uyğun şəkildə, daha doğrusu, guya “siyasi repressiya” kimi ictimaiyyətə çatdırmağa çalışırlar. Şübhəsiz ki, bu da onların maraqlarından, həm də yeni faktların üzə çıxmaq qorxusundan irəli gəlir. 

Burada bir məsələni də vurğulamaq yerinə düşər. Belə ki, “Toplum Tv”nin ofisində keçirilən əməliyyat başa çatar-çatmaz ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsinin bu məsələdən narahat olduğunu dilə gətirib. Təbii ki, bu da çox şübhəli məsələdir. Bu mənada demək olar ki, onun bu məsələ yerli mediadan tez xəbər tutması çox mətləblərdən xəbər verir.

Şübhəsiz, “Toplum Tv” ilə bağlı bu prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müdafiə təşkilatları, mediası mühüm rol oynayır. Maliyyə isə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Yeri gəlmişkən qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Gürcüstan Təhlküəsizlik Xidməti  USAİD-in əməlini ifşa etmişdi.

Amma həmin təşkilatlar unudurlar ki, Azərbaycan xalqı Prezidenti ətrafında dəmir yumruq kimi birləşib. Bu mənada təxribatyönümlü təşkilatların ələ aldıqları qrant şəbəkələri çox uzağa gedə bilmirlər və gedə bilməyəcəklər.  Biz “Abzas media”nın timsalında da bunun şahidi olmuşduq. İndi isə “Toplum TV”…

Bu isə  Qərbin, eyni zamanda ABŞ-ın Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı növbəti "ssenari"lərinin uğursuzluğa düçar olması deməkdir. Bəli, bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan hər cür təxribatların qarşısını alır və almaqda davam edəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil"