08 fevral 2018 23:57
1513

“Cənub Qaz Dəhlizi” layihəsi bu il işə düşəcək

Azərbaycanın artan nüfuzu dünya, o cümlədən Avropa dövlətləri tərəfindən də etiraf olunur. Hazırda Azərbaycan regional çərçivədən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. Neft və qaz amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə mühüm təsir göstərir.

Prezident İlham Əliyev bildirir ki, bizim daxili və xarici siyasətimizin uğurla aparılması üçün enerji təhlükəsizliyi məsələləri də öz həllini tapıb. Azərbaycan ölkədaxili enerji təhlükəsizliyini tam həll edib.

Bu gün fəxrlə deyə bilərik ki, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilib. Bu gün tranzit ölkələr də ölkəmizin reallaşdırdığı layihələri böyük maraqla izləyirlər. Dövlətimizin başçısının vurğuladığı kimi: “”Cənub Qaz Dəhlizi”nin icrası qrafik üzrə gedir. Hazırda enerji sahəsində qarşımızda duran əsas vəzifə “Cənub Qaz Dəhlizi”nin icrasıdır. “Cənub Qaz Dəhlizi”nin bütün 4 seqmentində də - “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtında icra ediləcək. Biz öz hədəflərimizə çatmaq üçün ardıcıllıqla irəliyə gedirik və bütün hədəflərə çatırıq. Əgər həyata keçirdiyimiz işlərin xronologiyasına baxsaq görərik ki, biz öz hədəflərimizə çatmaq üçün çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə irəliləyirik.”

“Cənub Qaz Dəhlizi”nin gerçəkləşməsinin vacib amili olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qaz bu il hasil ediləcək. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycanın və Gürcüstanın ərazisi boyu nəql etdiyi qaz TANAP-a (Transanadolu Qaz Boru Kəməri) ötürüləcək. Bu il TANAP-ın da istifadəyə veriləcəyi gözlənilir.

Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviçlə görüşündə “Cənub Qaz Dəhlizi” ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Qeyd etmək yerinə düşər ki, bu ay Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının keçiriləcəyi gözlənilir. Ənənə halını alan həmin toplantıların Bakıda keçirilməsinin əsas səbəbi bu nəhəng layihənin təşəbbüskarı və liderinin Azərbaycan olmasıdır.

“Cənub Qaz Dəhlizi”nin uğurla icra edilməsində Məşvərət Şurası çərçivəsində keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu toplantıların nəticələri qarşıda duran işlərin və planların uğurla gerçəkləşməsinə təkan verir.

Xəbər verildiyi kimi, yanvarın 29-31-də Avstriya Energetika Nazirliyi və “Energy Exchange” şirkətinin təşkilatçılığı ilə Vyanada keçirilən Avropa Qaz Konfransda SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov plenar iclasda “Cənub Dəhlizi Layihəsi” adlı təqdimatla çıxış edib və Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı geniş məlumat verib. Çıxışı zamanı V.Bəylərbəyov deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi planlaşdırıldığı kimi bu ilin yayında işə düşəcək, Transanadolu boru kəmərinin (TANAP) Türkiyədə təbii qazla doldurulması prosesi isə bir neçə gün əvvəl başlayıb. V.Bəylərbəyov qeyd edib ki, TANAP üzrə işlərin 91 faizdən çoxu, Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlərin 65 faizi başa çatıb: “Biz qürurla deyə bilərik ki, “Cənub Qaz Dəhlizi” 2018-ci ildə açılacaq və yayda qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatacaq.” SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycan qazının bu il Gürcüstan və Türkiyəyə ilk tədarükündən sonra TANAP Türkiyəyə tədarükü 2020-ci ilədək müqavilədə qeyd edilən illik 6 milyard kubmetr həcminə çatdıracaq: “TAP Yunanıstana ilk qazı 2020-ci ildə tədarük edəcək və bundan sonra tədarükü ildə 10 milyard kubmetrədək artırmağa başlayacaq. Tədarükün təmin olunması üçün “Şahdəniz-2” layihəsi çərçivəsində istehsal gölənildiyi 2024-25-ci ilədək, bəlkə də daha tez 16 milyard kubmetr həddinə çatacaq.”

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki toplantısından ötən bir ildə layihə xeyli irəliləyib. İndi artıq hamıya aydındır ki, bu, Avropa üçün prioritet təşkil edən layihələrdən biridir. Bunu “Cənub Qaz Dəhlizi”nin tərkib hissələrinin yenidən Avropa İttifaqının ümumi maraq layihələri - PCI siyahısına daxil edilməsi də təsdiqləyir. Qeyd olunan faktlara əsasən fəxrlə deyə bilərik ki, “Cənub Qaz Dəhlizi”nin reallaşması günün vacib məsələlərindən biri olaraq qalır. Hazırda bütün seqmentlər üzrə işlərin qrafikə uyğun irəliləməsi layihənin uğurla başa çatacağına təminat yaradır. Yaxın vaxtlarda Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısında layihə çərçivəsində görülmüş işlərə bir daha nəzər salınacaq və bundan sonra həyata keçiriləcək tədbirlər müəyyənləşdiriləcək.

Orxan Vahidoğlu, “İki sahil”