09 mart 2024 18:46
574

Fransanın dövlət siyasəti - İslamofobiya

Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir

Fransada təqribən 7 milyon müsəlman yaşayır. Qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 10 milyon nəfərdir. Amma bu gün bu ölkədə  müsəlmanlara münasibət birmənalı deyil. Demək olar ki, artıq İslam və müsəlman əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Belə ki, Fransada son vaxtlar çox sayda müsəlman məktəbləri bağlanılıb, İslama aid kitablar kitabxanadan yığışdırılıb. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ildən indiyədək Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb. Hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır. Üstəlik, bu ölkədə elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox.

Bəli, bu gün Fransada müsəlmanlıq siyasi anlayış kimi təlqin olunur. Hətta bu ölkədə İslamı zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər. Bu isə o deməkdir ki, islamofobiya Fransada dövlət siyasətidir. Fransada davamlı şəkildə islamofobiyaya çağırışlar da eşidilir. Bir sözlə, Fransa Prezidenti Emmanuel Makron islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bunu bir faktla da sübut etmək olar. Belə ki, Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova istinadən qeyd edək ki,  2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrində 369 təşkil edib, özəl sektorda isə 197 olub.

Hökumətin müsəlmanlara baxışı qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmadığı üçün bu ölkədə islamofobiya təzahürləri hər keçən gün artır. Halbuki, müsəlmanlar Fransanın qurulmasında və formalaşmasında fəal iştirak ediblər. 

Fransa cəmiyyətində və mediasında yayılan, qərəzli, saxtalaşdırılmış məlumatlar da islamofobiyaya “töhfə”lər verir. Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm də bu yanlışlıqların bir nümunəsidir. 

Yeri gəlmişkən qeyd edək ki, bu ölkədə islamofiyanın genişlənməsinin bir neçə səbəbi var ki, onlardan biri də məlumatsızlıqdır. Belə ki, Fransada heç də hər kəs bilmir ki, İsa peyğəmbər barədə uca kitabımız “Qurani-Kərim”də məlumatlar yer alıb. Digər səbəb isə son illərdə dünyanın müxtəlif yerlərində nifrət zəminində baş verən cinayətlərin daha da artması və bunu yanlış olaraq müsəlmanlar ilə əlaqələndirilməsidir. Məsələn, 2001-ci il sentyabrın 11-də ABŞ-da qüllələrin partladılması milyonlarla günahsız müsəlmanın kütləvi hücumlara məruz qalması ilə nəticələnmədimi? Fransa cəmiyyətində və mediasında yayılan, qərəzli, saxtalaşdırılmış məlumatlar da islamofobiyaya “töhfə”lər verir. Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm də bu yanlışlıqların bir nümunəsidir. 

 Bütün bunlardan da müsəlmanlara qənim kəsilənlər, xüsusilə erməni diasporu məharətlə istifadə edirlər. Həm də bu məqsədlə milyardlarla dollar vəsati ayırırlar. Halbuki, min dörd yüz il və daha çox zaman kəsiyi İslam dininin münaqişələrə, müharibələrə, qadınlara, uşaqlara və ümumiyyətlə, hər cür şiddətə qarşı olduğunu artıq sübut edib.

Bütün bunlar martın 8-9-da Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda və bu tədbi çərçivəsindəki aralıq sessiyalarda bir daha dilə gətirilib. Bildirilib ki, islamofobiyaya qarşı birgə, kollektiv mübarizə apararaq onun öhdəsindən gəlmək olar. Hətta vurğulanıb ki, islamofobiyaya qarşı mübarizə qlobal perspektivdə ən fundamental məsələlərdən biridir, onun qlobal strategiyaya ehtiyacı var. Həmçinin qeyd edilib ki, Fransada İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə, bölücü siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlət öz siyasətini dəyişdirməsidir. Əks halda, İslamofobiyanı tətbiq edən Fransa, eləcə də digər ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilərlər.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkib, mədəni, tarixi abidələri  məhv edilib. Bu da elə islamofobiyadır. Odur ki, ölkəmiz elə bu, həmçinin digər səbəblərdən islamofobiya ilə mübarizədə öndə gedir. Elə ölkəmizdən keçirilən belə tədbirlərin keçirilməsi bunu bir daha sübut edir. Hətta multikulturalizm baxımından dünyada nümunəyə çevrilən Azərbaycanın islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfranslara ev sahibliyi etməsi artıq ənənə halını alıb desək səhv etmərik. Bəli, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan hökuməti islamofobiyaya qarşı mübarizədə böyük işlər görür.

Amma bir sıra ölkələrin xarici kəşfiyyat orqanları Azərbaycana qarşı təxribat xarakterli fəaliyyət həyata keçirməyə cəhd göstərirlər. Bir çox media nümayəndələri də ölkəmizlə bağlı absurd çıxışlar edir.

Məlumat üçün bildirək ki, sözügedən konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak edir. Yeri gəlmişkən, hər il martın 15-i bütün dünyada İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”