12 mart 2024 16:32
424

Ermənilər Tovuzda kəşfiyyat aparmağa cəhd göstəriblər - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

Bu gün hər şey geridə qalıb. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edən Azərbaycan ordusu bu illər ərzində yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə icra elədi. Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Ona görə də Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan bu təşəbbüsə adekvat cavab vermir. Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti bu addımı ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev "İki sahil"ə özəl açıqlamasında bildirib.

Ə.Verdiyev qeyd edib ki, Avropa İttifaqının sərhəddə təhlükəsizliklə bağlı prosesləri müşahidə etməli olan missiyasının sayının artırılması Qərbin əsl məqsədini ortaya qoyur. Məqsəd Ermənistandakı revanşist qüvvələrin üzdə saxlanılması, onların silahlandırılması, münaqişənin sülh müqaviləsi ilə bitməsinə imkan verilməməsidir. 

Hərbi ekspert diqqətə çatdırıb ki, bu gün Paris Rusiyanın Ermənistandan çıxarılmasına çalışır. Əsas ritorikanı isə revanşist qüvvələr üzərində qurublar. Onlar revanşistlərə silah və güc də verərək sülhün nail olunmasına əngəl törədərək maksimum prosesi uzadırlar. Belə ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Şəmsiyyə Əliqızı, "İki sahil"