07 fevral 2018 21:08
1515

Xaçmazda suvarma kanalları və arxları lildən təmizlənir

Xaçmazda yaz suvarma mövsümü öncəsi su kanallarının təmizlənməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan, ümumilikdə, 1950 kilometr kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub.

Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.

“Sahil” Sudan İstifadəçilər Birliyinin icraçı direktoru Cabir Məmmədov bildirib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi işlərinin 50 faizi artıq başa çatdırılıb. Əsas məqsəd işləri yaz suvarma dövrünə kimi yekunlaşdırmaqdır.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov qeyd edib ki, kanalların təmizlənməsi işlərinə 24 ədəd ağır texnika cəlb olunub. Rayonun əkinəyararlı sahələrini suvarmaq üçün 2 min 387 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Bu, əsasən torpaq yataqlı arxlara aiddir. Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.

Görülən işlər nəticəsində Xaçmazda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq.