Qlobal Bakı Forumu artıq beynəlxalq məsələləri müzakirə edən beynəlxalq platformaya çevrilib. Bakıda keçirilən müzakirə bu forum Davos İqtisadi və Münhen Təhlükəsizlik konfransları ilə müqayisə olunur.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, bu gün baş tutan XI Qlobal Bakı Forumunda dünya üçün daha vacib məsələlər müzakirə edilir. Ölkəmiz bu forumları keçirməklə beynəlxalq ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdirir. Builki formun mövzusu “Parçalanmış dünyanın bərpası” adlanır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş verir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri danışıqlar vasitəsi ilə həll etməkdənsə, daha çox silahlardan istifadə etməyə istiqamətləniblər. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri dünyanı Üçüncü Dünya müharibəsinin başlanması səviyyəsinə gətirib çıxarıb.
Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı kimi vacib və aktualdır. Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsələsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaq.
Sayalı Abasova, “İki sahil”