KÖŞƏ

Taleh Turqut

Arif Hacılının “cəza maşını” yenə fəaliyyətdədir

12 fevral 2016 00:33
710

Arif Hacılının saxtakarlıqla Müsavat Partiyasına başqan olandan sonra olan-qalan üzvləri də partiyanı tərk etdilər və ya qovuldular. Qovulanların əksəriyyəti isə başqanlıq seçkilərində yol verilən saxtakarlıqlara etiraz etdikləri üçün A. Hacılının qəzəbinə tuş gələnlərdir.

Ətrafında azsaylı qruplaşmanın qalmasına baxmyaraq Hacılı ona tabe olmayanları bağışlamaq niyyətində deyil. Narazıların partiyadan qovulması prosesi hələ də davam edir. Müsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib.

 “Yeni qurban” Ş.Beydullayev bu barədə danışarkən bildirib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb. Onun da qovulmasının səbəbi “ənənəvidir”-”toxunulmaz başqan”la razılaşmamaq. Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırkı başqanı A. Hacılını tənqid etməsi ilə əlaqələndirib: “Sosial şəbəkələrdə Arif Hacılının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər”.

Qeyd edək ki, Ş.Beydullayevin qovulmasının digər səbəbi də onun başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi “Ağ blok”da təmsil olunmasıdır. Məlumata görə, blok yay aylarına qədər qurultay keçirəcək və partiyaya çevriləcək. Hacılı qruplaşması isə bundan özlərini sığortalamaq üçün ididən bloka qoşulanların təmizlənməsi ilə məşğuldur.

Bu arada hər iki tərəfin münasibətləri yenidən gərginliyin pik həddinə çatıb. Tərəflər biri-birini ən aşağılayıcı sözlərlə təhqir etməkdən belə çəkinmirlər. Keçmiş başqanlığa namizəd T. Abbaslının “Ağ blok”u partiyaya çevirəcəkləri və bundan sonra Müsavat Partiyasının sıralarını tərk edəcəkləri barədə açıqlaması partiya rəhbərliyini özündən çıxarıb. Müsavat başqanının müavini Səxavət Soltanlı T. Abbaslının siyasi cəhətdən intihar edən şəxslər siyahısında olduğunu söyləyib: “Siyasi fəaliyyət, partiya, blok ciddi anlayışlardır. Düşünmürəm ki, hər qeyri-ciddi söhbətə, yeni lətifəyə mütləq münasibət bildirmək lazımdır. Siyasi cəhətdən intihar edən şəxslər haqqında isə ümumiyyətlə, danışmaq doğru deyil”.

 “Ağ blok”un rəhbəri Tural Abbaslı isə cavabında partiya rəhbərliyini aşağılayan ifadələr işlədib. O, bildirib ki, Müsavat rəhbərliyində təmsil edilən şəxslərə nə reaksiya vermək, nə opponent olmaq, nə də söz davası aparmaq niyyətindədir: “Nə istəyirlər desinlər, onların fikirləri bizim üçün maraqlı deyil. Hər şeyi zaman göstərəcək”.

T.Abbaslı qeyd edib ki, son 20 ildə olduğu kimi, yenə də mübarizəni müxalifətdaxili düşərgəyə çəkmək istəyirlər. Məhz bunun nəticəsidir ki, hazırda onlar 200-300 nəfərlik mitinq təşkil etməyə çətinlik çəkirlər. Onun sözlərinə görə, Müsavat rəhbərliyi fərqli fikirlərə qarşı dözümsüz və aqressivlik nümayiş etdirməyindən əl çəkmir: “Əgər bu gün M. Ə. Rəsulzadə sağ olsaydı və Arif Hacılının əleyhinə bir söz desəydi, əminəm ki, Rəsulzadəni də partiyadan qovardılar”.

Öz növbəsində partiyadan qovulanlar siyahısında olan keçmiş başqanlığa namizədlərdən biri-Səxavət Əlisoy da Müsavatın indiki rəhbərliyini kəskin tənqid edən fikirlər səsləndirib. Başqan müavini Elman Fəttahı hədəf alan S. Əlisoy onu “Arif Hacılının saxtakarlıq maşınının vinti” adlandırıb: “Elman Fəttah artıq-əskik danışmasın, bir qədər də başını işlətsin”.

S. Əlisoy Arif Hacılı və dəstəsini Müsavatı məhv etməkdə ittiham edib: “Müsavatın başına açdıqlarından utansınlar. Amma onlar ən yaxşı halda Arif Hacılının bağında yüz-yüz vuraraq, etdiklərindən fərəh hissi keçirə bilərlər. Müsavatda demokratiya anlayışı Arif Hacılının meyarları ilə müəyyənləşir. Müsavat adlı dərnəkdə, sexdə Elman Fəttah və ya hansısa məddah Arif Hacılını tənqid edə bilərmi? Əlbəttə yox. Kim daha çox yaltaqlanırsa, ona vəzifə verirlər. Ona görə də Arif Hacılının 10-dan çox müşaviri var”.

Taleh Turqut