01 aprel 2024 15:41
533

Mineral qazlı içkilərin insan orqanizminə heç bir zərəri yoxdur - Qastroenteroloqdan şərh

Şirəli içkilər uşaqlarda dişlərin çürüməsi, artıq bədən çəkisi, ürək xəstəlikləri kimi şikayətlərə səbəb olur

“Meyvə dadlandırıcıları və şəkər əlavə olunmuş qazlı içkilər insan sağlamlığı üçün zərərlidir. Mineral qazlı içkilərin insan orqanizminə heç bir zərəri yoxdur. 2021-ci ildə Latın Amerikası ölkələrində aparılmış tədqiqatlar şirəli içkilərdən xüsusilə uşaqlarda dişlərin çürüməsi, artıq bədən çəkisi, ürək xəstəlikləri kimi şikayətlərə səbəb olduğu və bu xəstəliklərin ciddi artmasına səbəb olduğu müşahidə olunmuşdur. Böyüklərdə isə xüsusilə ağızdan pis qoxunun gəlməsi, artrit, padaqra xəstəliyinin riskini artırdığı sübut olunmuşdur”.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi.

Bəzən satışda şəkərsiz, qazlı, sodalı içkilərə rast gəlirik

Qastroenteroloqun sözlərinə görə, qazlı içkilərə əlavə olunan qarışıqlar əsasən meyvə dadlandırıcı maddələrdən, xüsusilə emulqatorlardan, bol miqdar da şəkərdən ibarətdir. Bunlar isə insan orqanizminə ciddi zərərli toksiki təsir göstərən maddələrdir. Qazlı və şirin içkilərin saxlanma şəraiti onun istehsal prosesindən, tərkibində olan maddələrdən asılı olaraq dəyişir.  Bəziləri adi otaq temperaturunda, digərlərinin isə soyuducuda saxlanması tövsiyə olunur. Bu isə mütləq ki, içkinin növündən asılı olaraq dəyişir. Bəzən satışda şəkərsiz, qazlı, sodalı içkilərə rast gəlirik. Bəzi insanlar mədəsində yüksək turşuluq reflüksü, mədə yanması şikayəti olan insanlar bu sodalı, qazlı suları istifadə edirlər. Bu onların mədəsinə rahatlıq gətirir və müəyyən əlamətləri aradan qaldırır.

Qazlı içkiləri yeməkdən dərhal sonra içməyin

Mütəxəssis tövsiyə edir ki, qazlı və sodalı içkilər yemək zamanı, yeməkdən dərhal sonra istifadə edilməsin. Çünki bu içkilərin tərkibi qələvi tərkibinə çox yaxın olduğu üçün mədənin həzm prosesini pozur, uzun müddət istifadədən sonra mədə və bağırsağa zərərli təsir göstərməyə başlayır. Ümumi insanın normal fizioloji həzm prosesinə zərər yetirdiyindən tövsiyə edirik ki, yemək vaxtı bu içkilər qazı çıxardaraq mədənizə nə qədər rahatlıq gətirsə də, müəyyən əlavə yan təsirləri sonradan mütləq ki, müşahidə olunacaq. Əgər mədənizdə narahatlıq hiss edirsinizsə, mütləq onun səbəbini araşdırmaq lazımdır ki, bu yüksək yoxsa aşağı turşuluqdur. Bundan sonra  bu cür içkilərdən istifadə edib-etməmək haqqında danışmaq olar.

Yaqut Ağaşahqızı, “İki sahil”