02 aprel 2024 23:18
1034

“Yaşıl enerji”yə keçid bəşəriyyətin xilasıdır

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi yaşıl inkişafla bağlı mühüm yenilikdir. Bu Sərəncam cari il ərzində ətraf mühit və yaşıl inkişafla bağlı yeni gündəlik müəyyən edir.

“Azərbaycan 2030” Milli Prioritetlər sənədində 5 prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetdə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının alt məqsədləri müəyyən olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi COP-un növbəti konfransı noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq.

Bəs COP29 nədir?

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. COP tədbirlərində adətən gündəlik müəyyən edilir və müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil və çox güman ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək. İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

Bakı konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. İctimaiyyət COP29-da şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq. BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı, maraqlı müsahibələri və çıxışları izləmək imkanı verir.

“Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. “Yaşıl enerji” və yaxud “yaşıl iqtisadiyyat” konsepsiyası 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs tərəfindən irəli sürülüb və onun “Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf və gələcəyin siyasəti” adlı kitabında şərh edilib.

“Yaşıl iqtisadiyyat”ın inkişafı, onun tərkib hissəsi kimi “yaşıl enerji”dən istifadə olunması ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi aktuallaşdı. Müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının getdikcə özünə mühüm yer tutmasının səbəbləri aşağıdakılardır:

“Yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. “Yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu mərhələyə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.

Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər.

Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək;

“Yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir. “Yaşıl enerji” mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir.

Qlobal enerji problemi dünyada enerji resurslarına artan tələbatın davamlı şəkildə ödənilməsini şərtləndirir. Dünya Enerji Şurasının irəli sürdüyü “Enerji trilemması” adlanan konsepsiyada enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılmasına xüsusi diqqət yetirilir;

Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır;

“Yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin enerji keçidinin rifah indeksinə görə, 1,5°C strategiyası qlobal rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu indeks göstərir ki, bərpaolunan enerjiyə keçidə dair yol xəritələrinin səmərəliliyi enerji siyasəti ilə sıx bağlıdır, burada ölkədaxili və beynəlxalq tənzimləyici qərarların qəbulu həlledici rol oynayır;

BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində qəbul olunmuş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də 17 əsas hədəf müəyyənləşdirilib ki, onlardan da birini “Ucuz və təmiz enerji” təşkil edir. Bu məqsədlə əlverişli, etibarlı və müasir enerji təchizatına universal çıxışın təmin edilməsi, bərpaolunan mənbələrdən alınan enerji həcminin əhəmiyyətli dərəcədə artırılması nərəzdə tutulur. Həmçinin qlobal enerji səmərəliliyinin ikiqat artırılması, bərpaolunan enerji texnologiyalarına çıxışın asanlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, müasir və davamlı enerji təchizatı ilə bağlı infrastrukturun genişləndirilməsi, bu sahəyə dair texnologiyaların təkmilləşdirilməsi və s. nəzərdə tutulub.

Hazırda dünyanın əksər regionlarında ən ucuz elektrik növü bərpaolunan enerji mənbələrinə əsaslanan elektrik enerjisidir. Xüsusilə, “yaşıl hidrogen”dən 2030-cu ilədək geniş istifadə olunmasına mühüm diqqət yetirilir. “Yaşıl hidrogen” elektroliz prosesi vasitəsilə külək və ya günəş enerjisi kimi bərpaolunan enerji mənbələrindən istifadə edilərək istehsal olunan hidrogenin təmiz formasıdır.

Cavid Əkbərov, “İki sahil”