04 aprel 2024 13:48
1126

Gələcək nəsillərə yaşanması mümkün olan bir dünya buraxmalıyıq - EKSPERT/ÖZƏL

Dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac var

XX əsr planetimizin tarixində böyük hadisələrlə yadda qalıb. Ötən əsrin 50-ci illərində elmi texniki tərəqqi bəşər sivilizasiyasını xeyli irəli aparıb. Sənaye inqilabları baş verib, böyük istehsal müəssisələri yaradılıb. Sənaye avtomatlaşdırılıb, avtomobilllər çoxalıb, insan övladı kosmosu fəth edib. Lakin bütün bunlar ətraf mühitin korlanmasına gətirib çıxarıb. İnkişafa paralel olaraq dünya əhalisinin sayı artıb. Sənayenin, kənd təsərrüfatının genişlənməsi çox təəssüf ki, meşə zolaqlarının, yaşıllıqların hesabına baş verib. İstehsal müəssisələrinin, daxili yanma mühərrikləri işləyən avtomaşınların artması ərtaf mühitə daha çox istixana qazlarının atılması ilə nəticələnib. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirdi. 

Ekspert qeyd etdi ki, ötən əsrin 70-ci illərində baş vermiş neft böhranı zamanı qlobal güclər, beyin mərkəzləri alternativ yollara baş vurdular. Bu nəticəyə gəlindi ki, dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac var. Sənaye inqilabı dövründə onsuz da məhdud olan ənənəvi enerji ehtiyatlarından istifadə artıb. Bu qaynaqlar artıq tükənmə nöqtəsinə gəlib. Bərpa olunan enerji (Günəş, külək, dalğa, hidrotermal)  sektorunun inkişafı bir neçə cəhətdən əlverişlidir.

Əvvəla, yaşıl enerji adlanan bərpa olunan enerji – qalıq yanacaq materiallarına (fosil yakıt-neft, qaz, daş kömür) nisbətən atmosferi daha az çirkləndirir. İkincisi, bu sektorun inkişafı ənənəvi enerji qaynaqlarına qənaət deməkdir. Çünki planetimiz təbii sərvətlərlə zəngindir. Ancaq bu sərvətlər tükənməz deyil. Biz bu sərvətləri qoruyub gələcək nəsillərə saxlamalıyıq. Ən əsası gələcək nəsillərə yaşanması mümkün olan bir dünya, təmiz ətraf mühit, içməli su mənbələri, təhlükəsiz dünya buraxmalıyıq.

Cavid Əkbərov, “İki sahil”