05 aprel 2024 17:00
625

Yaponiyanın “soyad böhranı”: 2531-ci ilə qədər…

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ölkələrdən biri olan Yaponiyada “soyad böhranı” yaşanır.

Sendaydakı Tohoku Universitetindən iqtisadçı Hiroşi Yoşidanın apardığı araşdırmaya görə, qanunlar dəyişməzsə, 2531-ci ilə qədər ölkədə hər kəsin soyadı Sato olacaq.

Qanunlara görə, evlənən cütlüklər eyni soyaddan istifadə etməlidirlər. Nigahdan sonra qadınlar kişilərin soyadını götürürlər.

Son zamanlar isə əhali bu qanunun dəyişdirilməsini tələb edir. Bu tələbi gündəmə gətirən qruplardan biri qadın hüquqlarını müdafiə edənlər, digəri isə yaponların qədim soyadlarını qoruyub saxlamaq istəyənlərdir.

Zamanla soyadların silinməsi Galton-Watson prosesi adlanan təbii bir hadisədir. Buna görə, atasoylu cəmiyyətlərdə qadınlar ərlərinin soyadlarına keçdikcə bəzi soyadlar yox olur.

Yaponiyada istifadə edilən 300 mindən çox soyadı izləyən Myoji Yurai şirkətinin məlumatlarına görə, ən çox yayılmış soyad Satodur. Satodan sonra Suzuki və Takahaşi gəlir. Hazırda 125 milyon əhalisi olan ölkədə təxminən 1,8 milyon insan Sato soyadını daşıyır.

Soyadı siyahıda 11-ci olan iqtisadçı Hiroşi Yoşida sözügedən araşdırmanı “Think Name Project” adlı hərəkatın tələbi ilə həyata keçirib. Bu qrup yuxarıda qeyd olunan qanunlarda dəyişiklik tələbi ilə çıxış edənlərdən biridir.

Şərqi Asiya ölkələrində soyadlar Qərb cəmiyyətlərinə nisbətən daha az müxtəlifdir. Məsələn, Çində 2020-ci il siyahıyaalmasında 30 faiz soyadların Wang, Li, Zhang, Liu və ya Chen olduğu bildirilib.

Yoshida, bu proqnozun reallaşması üçün ilk növbədə Yaponiyanın gündəmindəki ən mühüm problemlərdən biri olan evliliklərin azalması böhranının həll edilməsi olduğu qənaətindədir.

Rəsmi məlumatlara görə, Yaponiyada nikahların sayı 2023-cü ildə əvvəlki illə müqayisədə 60 faiz azalıb və 90 ildir ki, ilk dəfə 500 mindən aşağı düşüb. Boşanmalar da isə 2,6 faiz artım olub.

“CNN”ə açıqlama verən Yoshida gözləniləndən çox daha az insanın evləndiyi bir vəziyyətdə bu hesablamanın da dəyişəcəyini söyləyib.

Vüsal Cahanov, “İki sahil”