06 aprel 2024 00:10
462

Ölümsaçan minalar yenə də can alır

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə  Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, həmçinin keçmiş  köçkünlərin yurd-yuvaların geri qayıtmalarına maneələr törətməkdədir. Bu mənada Ermənistanın 30 il davam edən işğalından miras qalan mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Halbuki, rəsmi  Bakı  Ermənistandan mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib.  Doğrudur, Hayastan beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində  bir qisim mina xəritələrini Azərbaycana təqdim edib, amma  onlarda dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır.

Həmin  xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda onların sayının 1,5 milyondan artıq olduğu faktı mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, 44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra da Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq Laçın yolundan mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq minanın aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir.

Bir sözlə, aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, həmin minalar bu gün də can almaqda davam edir. Elə bu günlərdə, daha dəqiq desək, 2024-cü il aprelin 2-də Tərtər və Ağdamda daha 4 nəfər minaya düşüb. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə  Yardım Günü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həytını itirib, 285 nəfər xəsarət alıb. Ümumilikdə isə  Azərbaycanda mina qurbanlarının sayı 3 429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3 429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. Şübhəsiz, ölkəmizin üzləşdiyi bu mina təhlükəsi yalnız kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Bu, bəşəri cinayətdir. O, həmçinin bildirib ki, 2020-ci il noyabrın 10-dan bu günədək  129 min 831 hektar işğaldan azad edilmiş ərazi minalardan təmizlənib. Həmin ərazilərdə 65 min 585 ədəd partlamamış hərbi sursat (PHS), 31 min 919 ədəd piyada əleyhinə mina (PƏM) və 19 min 070 ədəd tank əleyhinə mina (TƏM) (cəmi: 116 574 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

2023-cü ilin may ayının 26-da Ağdamda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bildirmişdir ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Yeri gəlmişkən qeyd edək ki, dünyada orta hesabla hər saat bir nəfərin partlayıcı qurğuların qurbanı olduğunu nəzərə alan ölkəmiz özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Belə ki, Azərbaycan  humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatında ölkəmizin təşəbbüsü ilə humanitar minatəmizləmə Təmas Qrupunun yaradılması razılaşdırılıb. Ötən ilin dekabr ayında isə UNESCO-da Azərbaycanın minalarla bağlı irəli sürdüyü “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə qəbul edilib. Bu da minaların mədəni irsə təsiri ilə əlaqədar UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Göründüyü kimi,  humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Bir məsələni də vurğulayaq ki,  Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbə vurmaqdadır. Bir qayda olaraq sözdə demokratiyadan, insan hüquqlarından dəm vursa da əməli işə gələndə  ikili standartlar sərgiləyən Qərbin aparıcı dövlətləri, həmçinin bəzi beynəlxalq qurumlar nədənsə hələ də Ermənistanın mina terroruna göz yummaqdadırlar. Halbuki, onlar Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidirlər. Şübhəsiz, xristian təəssübkeşliyi, erməni sevgisi ilə silahlanmış Qərbin bəzi ölkə və qurumları Azərbaycanın Şuşa, Xankəndi Zəfərini həzm edə bilmədiklərinə görə ermənilərin mina terroruna səssiz qalırlar.

Hazırda görünən budur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”