07 aprel 2024 02:36
507

Hər 6 məktəblidən 1-i kiberzorakılığa məruz qalır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 44 ölkəni əhatə edən Avropa hesabatında bildirilir ki, 2022-ci ildə demək olar ki, hər altı məktəblidən biri və ya 11-15 yaş arası uşaqların təxminən 16%-i kiberzorakılığa məruz qalıb.

"Bu hesabat zorakılığın nə vaxt və harada baş verməsindən asılı olmayaraq, onlara müraciət etmək üçün bir oyanış çağırışıdır", -deyə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib.

“Məktəb yaşlı uşaqlarda sağlamlıq davranışı” adlı araşdırmaya əsasən, Avropada oğlanların təxminən 15%-i və qızların 16%-i son aylarda ən azı bir dəfə kiberzorakılığa məruz qaldığını bildirib.

BMT-nin agentliyi qeyd edib ki, pandemiya yeniyetmələrin bir-birlərinə qarşı davranış tərzini dəyişib.

Hesabatda deyilir: “Həmyaşıd zorakılığının virtual formaları, COVID-19 pandemiyasının başlanğıcından bəri gənclərin karantin zamanı getdikcə daha çox virtuallaşdığı vaxtdan aktuallaşıb”.

Digər zorakılıqlar cüzi artımla əsasən sabit qalıb.

ÜST təfərrüatlı məlumat açıqlamasa da bildirib ki, kiberzorakılığın ən yüksək səviyyəsi Bolqarıstan, Litva, Moldova və Polşada, ən aşağı səviyyə isə İspaniyada qeydə alınıb.

"Hər gün altı saata qədər onlayn vaxt keçirməsi ilə zorakılıq və zorakılıq nisbətlərindəki kiçik dəyişikliklər belə minlərlə gəncin sağlamlığı və rifahına dərin təsir göstərə bilər", -deyə Kluqe bildirib.

Hesabatda hər səkkiz yeniyetmədən biri başqalarına kiberzorakılıq etdiyini etiraf edib ki, bu da 2018-ci illə müqayisədə 3 % çoxdur.

Tədqiqat Avropa, Mərkəzi Asiya və Kanadada 44 ölkədən 279 min uşaq və yeniyetmənin məlumatlarına əsaslanıb.

Əksər yerlərdə kiberzorakılıq oğlan uşaqlarının 11, qızların 13 yaşı olanda pik həddə çatmışdır.

Hesabatda valideynlərin sosial-iqtisadi vəziyyətinin uşaqların davranışlarına çox az təsir etdiyi bildirilir. Təkcə Kanada istisna təşkil edib, orada daha az üstünlüklü gənclər zorakılığa daha çox məruz qalırlar.

Problemin geniş yayıldığı qeyd edilən hesabatda maarifləndirmə işinin gücləndirilməsi üçün daha çox səy göstərilməsinə çağırılıb.

"Həmyaşıd zorakılığının müxtəlif formalarının monitorinqinə daha çox investisiya lazımdır", -deyə Kluqe bildirib. “Həmçinin kiberzorakılığa məruz qalmanı məhdudlaşdırmaq üçün sosial media platformalarını tənzimləyərkən gəncləri, ailələri və məktəbləri kiberzorakılığın formaları və onun nəticələri haqqında maarifləndirməyə təcili ehtiyac var”, - deyə o, fikrini yekunlaşıb.

Xatırladaq ki, kiberbullinq (zorakılıq) rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Sosial mediada, mesajlaşma və ya oyun platformalarında baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır.

Nubar Süleymanova, “İki sahil”