Maldiv adaları dəniz səviyyəsinin yüksəlməsinin dağıdıcı reallığı ilə üz-üzədir.
Alimlər deyirlər ki, 2050-ci ilə qədər Maldiv adalarının 80%-i yaşayış üçün yararsız hala düşə bilər. 2100-cü ildə isə adalar tamamilə yox ola bilər. “Dünya Maldiv adalarının bu ekzistensial təhlükə ilə üzləşdiyini seyr edərkən, hamımızın iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hərəkətə keçmə vaxtıdır. Bu unikal və kövrək ada dövlətinin taleyi artıq insanların əlindədir və onun gələcək nəsillər üçün yaşamasını təmin etmək məqsədilə təcili hərəkətə keçməliyik”, -deyə mütəxəssislər çağırış edirlər.
Hind okeanının “göbəyində” yerləşən Maldiv adalarının problemləri hazırda saymaqla bitmir.
Adalarda içməli su problemi durmadan artır.
Nəsillər boyu əsas qidalanma üçün etibar edilən dəniz həyatı da eyni dərəcədə təsirlənir. Okeanlar istiləşir, bu da mərcanları ağardır və balıqların yaşayış yerlərini öldürür. “Bu qüdrətli okean həmişə bizim “canımız-qanımız”, oyun meydançamız və nəsillər boyu ruzi mənbəyimiz olub. On il əvvəl tutduğumuz balıqların uzunluğu bir futdan çox idi. Bu gün onlar yarı ölçüdədirlər və həddindən artıq istismar olunublar, buna görə də sayları daha azdır. Həm ərzağımız, həm də gəlir mənbələrimiz azalmaqdadır”-deyə yerli sakinlər bildirirlər.
Təəssüf ki, Maldiv adaları həm də dünyanın ən aşağı səviyyədə yerləşən ölkəsidir. Adalar okeanın səthinə təhlükəli şəkildə yaxındır. 1200 ada orta hesabla ondan cəmi 1,5 metr hündürlükdədir. Bəziləri daha aşağıdır. Bu coğrafi çatışmazlıq Maldivləri iqlim böhranının cəbhəsinə qoyub və sakinlər hazırda acı nəticələrlə qarşı-qarşıyadırlar.
Hər il planet istiləşdikcə və dəniz səviyyəsi yüksəldikcə dalğalar getdikcə yaxınlaşaraq adaların torpağını tutur.
Hazırda Maldiv Təmiz Enerji Təşəbbüsü, Maldiv Dəniz Mühafizəsi Sahəsi Təşəbbüsü, Maldiv Davamlı Turizm Təşəbbüsü və plastik çirklənmənin azaldılması layihəsi kimi davamlı təşəbbüslərə başlanılıb ki, bu, unikal adanın gələcəyinə ümid verir.
Nubar Süleymanova, “İki sahil”