16 aprel 2024 23:58
217

Müqəddəslik zirvəsi

Doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq övladlıq borcunu şərəflə verib ölümsüzlüyə qovuşan qəhrəman şəhidlərdən bir Qəhrəman Həmzə oğlu İsmayılovdur. Birinci Qarabağ müharibəsində tarix yazan Qəhrəman İsmayılov Ağakişibəyli kəndində dünyaya göz açıb, 1994-cü ilin fevralı 1-də Füzuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. Məhz bununla da, qısa ömür yolu örnək olaraq əbədiyaşarlıq qazanıb.

Vətən sevdalısı ömrünün 51 ilinə çatdı. Bu yaşda da mənən milyonların ürəyində yaşamaqla, böyük ehtiramla xatırlanır. Doğum günü münasibətilə təhsil aldığı, indi isə qəhrəmanın adını daşıdığı Masallı rayon, Şərəfə kənd orta məktəbdə keçirilən tədbir də illərin sınağından keçən solmaz sevgidən irəli gəlirdi.

Şərəfə kənd tam orta məktəbi, folklor evi və ərazi nümayəndəliyinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbirdə əvvəlcə kəndin mərkəzində Vətəni hər şeydən üstün bilən, canını ona fəda edən şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olundu. Məktəbə gələn mərasim iştirakçıları cəsur döyüşçü Qəhrəman İsmayılovun şərəfli ömür yolundan, baş çavuş kimi başçılıq etdiyi taqımla birgə erməni işğalçılarına qarşı göstərdiyi fədakarlıqdan bəhs edərək bildirdilər ki, uşaqlıqdan doğma Azərbaycana, onun torpağına, daşına bağlı olan Qəhrəman İsmayılov 1991-ci ilin mayından Sovet ordusu sıralarına yola salınıb. Son dərəcə ağıllı , mərd gənc öz nümunəvi xidməti ilə Vətəndən uzaqlarda, müxtəlif millətlər arasında dərin nüfuz qazanıb. Qaldı ki, canına yağı dadanmış doğma yurdunun taleyi onu həmişə düşündürüb, ermənilərdən qisas almaq istəyi onu Vətənə gətirib və 1992-ci ilin fevralından milli ordumuzun tərkibində xidmət edib. Qısa müddətdə o, döyüş bacarığı, qəhrəmanlığı ilə erməni dığaların kabusuna çevrilib. Dəfələrlə qaynar bölgələrdə düşmən hücumunun qarşısını alınmasında rəşadət göstərib. 1994-cü ilin fevralı 1-də Füzulidə gedən qanlı müharibədə yağıdan son nəfəsində də qisas alaraq əbədiyyət adlı dünyasına qovuşub.

Tədbir məktəblilərin ifasında Vətəni və qəhrəmanlığı tərənnüm edən vətənpərvərlik mövzusunda səslənən şerlərlə sona çatıb.

Bəli, Vətənin, millətin yolunda şüurlu sürətdə canlarını fəda edənlər heç vaxt ölmürlər. Elə torpaqda onların hesabına Vətən olur...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü