16 aprel 2024 15:57
188

Laporta azarkeşlərə müraciət etdi

"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunu ərəfəsində komandanın azarkeşlərinə müraciət edib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, fanatları Kataloniya təmsilçisinə dəstək olmağa çağırıb:

“Biz komandaya dəstək olmalıyıq. Bu oyunçular hər şeyin ən yaxşısına layiqdirlər. Biz onlara inanırıq. Futbolçularımız tarix yazmağa doğru gedirlər. Onlar məsuliyyəti dərk edirlər və çox inamlıdırlar. Biz isə "Barselona" azarkeşləri olaraq onlara kömək etməliyik. Parisdə gözəl oyun keçirdik. Mən istəyirəm ki, bu gün stadionumuzda rəqibi təzyiq altında saxlayasınız və komandamız yarımfinala yüksəlsin.

Xavinin qurduğu bu komanda keçən il tarixi çempionluğu qazandı, bizi çox sevindirdi. İndi "Barselona" Çempionlar Liqasının 1/4 finalındadır. Komandamız öz istedadını, gücünü ortaya qoysa, biz yarımfinala çıxacağıq”.

Qeyd edək ki, ilk oyunda "Barselona" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı isə bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.