19 aprel 2024 20:38
283

4 kəndin qaytarılması Azərbaycanın son dövrlər əldə etdiyi ən mühüm nəticələrdən biridir - POLİTOLOQDAN AÇIQLAMA

Bu gün Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyasının  keçirdiyi iclasda razılıq əldə olunub. Tərəflər Azərbaycanın anklav olmayan 4 kəndinin Ermənistanın işğalından azad olunması ilə bağlı razılığa gəliblər. Hesab edirəm ki, bu, Azərbaycanın son dövrlər əldə etdiyi ən mühüm nəticələrdən biridir. Bu, bir neçə şərti, reallığı diktə etmiş olur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Anar Əliyev bildirdi. 

Birbaşa vasitəçilərsiz format ən uğurlusudur

Politoloq qeyd edib ki, birincisi, bu, bir daha sübut etdi ki, Ermənistan və Azərbaycan arasında birbaşa vasitəçilərsiz format ən uğurlusudur. İki dövlət arasında sülhün təmin olunması istiqamətində mühüm və istisnasız ciddi nəticələr məhz bu format çərçivəsində həll olunur. İkincisi, hesab edirəm ki, bu, həm də Ermənistan və Azərbaycan cəmiyyətləri arasında qarşılıqlı inam və etimad mühitinin formalaşmasına, sülh prosesinin tənzimlənməsinə inamın yaranmasına xidmət edəcək çox ciddi bir addımdır. Üçüncü vacib istiqamət ondan ibarətdir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin sərt və qətiyyətli iradəsi ilə diktə olunan diplomatiyamızın nə qədər uğurlu nəticələr əldə etdiyini nümayiş etdirir. Bu nəticələr Azərbaycanın ortaya qoyduğu iradə ilə bütün kənar güclərə, eyni zamanda, o cümlədən bölgəmizdə yeni reallıqlar formalaşdırmağa çalışan güclərə çox ciddi bir mesajdır.

Sərhədlərin delimitasiyası ilə bağlı proses ciddi mərhələyə daxil olacaq

Anar Əliyev vurğuladı ki, Azərbaycanın yaratdığı reallıqlar və bunun diktə etdiyi şərtlərdən kənar hər hansı bir şərtlərin formalaşdırılmasının, situasiyanın yaradılmasının mümkün olmadığını bir daha diktə edir. Digər vacib məqam ondan ibarətdir ki, bu, Ermənistan və Azərbaycan arasında anklav olmayan 4 kəndin qaytarılması ilə bağlı razılıq Qərbin Ermənistana ciddi şəkildə əks həmlələr diktə etdiyi indiki reallıqlar fonunda baş verir. Bu, onu göstərir ki, Ermənistanın mövcud hakimiyyəti Qərb havadarlarının diktə etdiyi kimi, Azərbaycana qarşı hər hansı təxribatlara dövlətimizin adekvat cavabı qarşılığında onların Ermənistana bəyanatlarından irəli keçə biləcək heç bir dəstək nümayiş etdirə bilməyəcəyini çox yaxşı dərk edirlər. Vətən müharibəsindən sonra ötən dövr ərzində dəfələrlə baş verən hadisələrdə Qərbin riyakarlığı, ikiüzlüyü açıq şəkildə ortada olub. Bunu Ermənistan da çox aydın şəkildə dərk edir. Hesab edirəm ki, sərhədlərin delimitasiyası ilə bağlı proses məhz bu kəndlərin geri qaytarılması ilə daha ciddi bir mərhələyə daxil olacaqdır.

Əgər Ermənistan Qərb havadarlarının diktəsindən kənar müstəqil iradə nümayiş etdirsə...

Biz qısa müddət ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində daha ciddi irəliləyişlərin şahidi ola biləcəyik. Amma fikrimcə burada daha bir vacib məqam odur ki, əgər Ermənistan Qərb havadarlarının diktəsindən kənar müstəqil iradə nümayiş etdirərək səmimi şəkildə Azərbaycanla sülh münasibətlərinə hazır olduğunu göstərmək istəyirsə, digər zəruri addımları da atmalıdır.

Ermənistanın üzərinə öhdəlik götürdüyü Zəngəzur dəhlizi ilə bağlı prosesdə real addımlar atmalıdır

Məsələn, bugünədək Ermənistan konstitusiyasında, hərbi doktrinasında bir sıra qanunsuz qəbul olunmuş parlament qərarlarında da Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Bunların geri oxunması və dəyişdirilməsi istiqamətində addımlar atılmalıdır. Digər tərəfdən 10 noyabr Bəyanatının tələbinə əsasən Ermənistanın üzərinə öhdəlik götürdüyü Zəngəzur dəhlizi ilə bağlı proseslərdə real addımlar atmalıdır. Heç bir halda Zəngəzur dəhlizi ilə bağlı məsələni sülh prosesinin elementi kimi diktə etməyə çalışmamalıdır. Zəngəzur dəhlizindən Azərbayacan qarşı şərtlər irəli sürmək üçün vasitə, alət kimi istifadə etməməlidir. Eyni zamanda, Ermənistandan keçəçək hissəsində tikinti-quruculuq işləri ilə bağlı real addımları bu qonşu dövlət tərəfindən artıq biz görməliyik. Bu istiqamətdə addımlar atacaqsa, hesab edirəm ki, Ulu Öndərin də 1990-cı illərdə qeyd etdiyi kimi, 3 respublikanın birgə iştirak etdiyi və bölgənin güc mərkəzi olan 3 dövlətin, Türkiyə, Rusiya və İranın da iştirak etdiyi 3+3 formatının formalaşması istiqamətində biz real nəticələri müşahidə edəcəyik.

Cavid Əkbərov, “İki sahil”