19 aprel 2024 23:06
455

Bizə Zəfər yaraşır! - Azərbaycan torpaqlarını qarış-qarış toplayan Qalib Prezident

Ardıcıl və prinsipial mövqeyin təntənəsi

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının dünən keçirilən 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) geri qaytarılmasına razılıq verib. Belə ki, komissiyanın iclasında müəyyən edilib ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. O da qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır.

34 ildən sonra…

Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Şübhəsiz, 4 qeyri-anklav kəndin bu formada ölkəmizə  qaytarılması Ali Baş Komandan, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız qaytarmağa razılaşmasını əgər belə demək mümkünsə, Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürü kimi dəyərləndirmək olar. Bu, həm də 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabrında keçirilən  lokal antiterror əməliyyatlarından, həmçinin  rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra cənab Prezidentimizin xalqımıza növbəti ən qiymətli hədiyyəsidir.

Bakının təkidi, Qazaxdan başlayan delimitasiya  

Əldə olunmuş bu razılaşma Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi rəsmi Bakının təkidi ilə mümkün olub. Şübhəsiz, digər kəndlərimizin də qaytarılması qısa müddətdə təmin ediləcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində bunu daim gündəmdə saxlamış və bu istiqamətdə ardıcıl iş aparmış və müəyyən tələblər səsləndirmişdir. Hətta Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu bildirərək onların işğaldan azad olunmasının vacibliyini vurğulamışdı. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində həmin kəndlərin qaytarılması ilə bağlı mühüm açıqlamalar vermişdi. “Bu məsələ həm mənim Ermənistanın Baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım” deyən Prezident İlham Əliyev bildirmişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”.

Azərbaycan düşünülmüş siyasəti ilə  ABŞ və Avropa İttifaqının müdaxiləsinə imkan vermədi

Bu, cənab Prezidentimizin bildirdiyi kimi də baş verdi. Həmin 4 kənd qeyd-şərtsiz qaytarılır. Bəli, Azərbaycan düşünülmüş siyasəti ilə  ABŞ və Avropa İttifaqının bu məsələyə müdaxiləsinə imkan vermədi, iki ölkə, yəni Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb heç bir vasitəçi olmadan problemi çözdülər. Xatırladaq ki, rəsmi Bakı hər zaman İrəvanla birbaşa danışıqların tərəfdarı kimi çıxış edib, ikitərəfli formatda görüşlərin daha səmərəli olduğunu vurğulayıb. Amma   bəzi ölkələr, həmçinin  beynəlxalq təşkilatlar bu məsələdə də qərəz nümayiş etdirərək, onların birbaşa təmaslarına imkan verməməyə çalışırdı. Regionda və dünyada böyük nüfuza sahib Azərbaycan bununla həm də bir daha sübut etdi ki, onun beynəlxalq hüquq normaları çərçivəsində apardığı haqq yolundakı mübarizəsinə heç bir qüvvə maneə ola bilməz.

Şübhəsiz, əldə olunan, idman termini ilə desək, bu təmiz qələbə Qərbin, xüsusilə Fransanın uydurduğu guya Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşması və digər iddilarını da ifşa etdi. Həm də bölgəni müharibəyə sürükləyənlərin, bu məqsədlə Ermənistanı silahlandıranların iç üzünü bir daha dünyaya açıb göstərdi. Bu isə bir daha göstərdi ki, Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”