19 aprel 2024 23:35
241

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Qazax sakinləri illərdir Ermənistanın işğalında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılması üçün əldə olunan razılaşmanı böyük sevinclə qeyd ediblər.

“İki sahil” “Report”a istinadən xəbər verir ki, bu gün bir qrup sakin avtomobilləri ilə şəhər ərazisində dövrə vurub, əllərində Azərbaycan bayrağı ilə sevinc hisslərini nümayiş etdiriblər.

Sakinlər əldə olunan bu növbəti uğur üçün ölkə başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildiriblər.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub.