21 iyul 2026 18:20
125

Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan–Çin münasibətlərinin dinamik inkişafı və əldə olunmuş nailiyyətlər məmnunluqla qeyd edilib, parlamentlərarası və partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar, o cümlədən gənclər sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyətini salamlayan spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan ilə Çin arasında son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edən əməkdaşlığın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasındakı dostluq münasibətləri dayanır.

Bildirilib ki, Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Biz də Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndiririk.

Milli Məclisin sədri Prezident İlham Əliyevin 2025-ci ildə Çin Xalq Respublikasına həyata keçirdiyi səfərlərinin, xüsusən dövlət səfəri zamanı Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasının ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.

Sahibə Qafarova parlamentlərarası əlaqələrin Azərbaycan–Çin münasibətlərinin mühüm tərkib hissəsi olduğunu deyib. O, cari il Çinə işgüzar səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə keçirdiyi görüşdən söz açaraq, parlamentlərarası dialoqun, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini söyləyib.

Milli Məclisin sədri Azərbaycan ilə Çin arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqla yanaşı, partiyalararası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında formalaşmış səmərəli əlaqələrin və imzalanmış Anlaşma Memorandumunun bu əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuay Çin ilə Azərbaycan arasında münasibətlərin son illərdə uğurla inkişaf etdiyini, iki ölkə rəhbərləri arasında formalaşmış yüksək səviyyəli münasibətlərin bu əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.

Kanq Şuay Milli Məclisin sədri Sahibə Qafarovanın Çin Xalq Respublikasına səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, onun Azərbaycan ilə Çin arasında, o cümlədən partiyalararası dialoqun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dövlətlərarası münasibətlər sistemində siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışaraq, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini açıqlayıb.

Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycanla Çin arasındakı münasibətlərin müxtəlif aspektləri barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.