20 aprel 2024 11:06
218

COP29-un Prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir

İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsi COP29-un əsas mövzularındandır. Ona görə də maliyyə institutları bu mövzunun noyabrda Azərbaycanda geniş müzakirə olunmasında çox maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Vaşinqtonda səfərdə olan COP29-un Prezidenti Muxtar Babayev AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.

Muxtar Babayevin sözlərinə görə, əvvəlcə çox ciddi danışıqlar prosesi getməlidir ki, donor ölkələr inkişafda olan və xüsusilə ada ölkələrinə, zəif inkişaf etmiş ölkələrə maliyyə yardımlarını mümkün qədər artırsınlar.

Bir neçə gün ərzində beynəlxalq maliyyə institutları, özəl şirkətlər və digər beynəlxalq təşkilatlarla intensiv görüşlər keçirdiyini vurğulayan COP29 Prezidenti bildirib: “Biz öz tərəfimizdən mesajlarımızı və gözləntilərimizi onlara çatdırdıq. Onlar da COP29-da iştirakları barədə niyyətlərini söylədilər. İntensiv danışıqlar aparılır. Komandamızla birlikdə çalışırıq ki, bütün iştirakçılarla danışıqların bu müddət ərzində aparılmasını ən azından cədvəlləşdirək, onlarla məsələlərin müzakirəsini müddətlərə bölək. İnanıram ki, nəticədə yaxşı nailiyyətlər əldə edəcəyik”, - deyə COP29-un Prezidenti vurğulayıb.