20 aprel 2024 12:32
667

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və bp şirkətlərinin istehsalat sahələrinə səfərlər təşkil edilib

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bir qrup yerli neft-qaz operatorlarının nümayəndələri üçün emissiyaların azaldılması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə 17 aprel 2024-cü il tarixində “Neft Daşları” NQÇİ-yə, 18 aprel 2024-cü il tarixində isə Səngəçal terminalına sahə səfərləri təşkil edilib.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, “Neft Daşları”na səfər SOCAR-ın vitse-prezidenti Əfqan İsayevin, habelə Neft-Qaz İqlim Təşəbbüsünün (Oil and Gas Climate Initiative – OGCI) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Səfər zamanı iştirakçılara neft-qaz əməliyyatları prosesində emissiyaların müasir cihazlar vasitəsilə monitorinqi, ölçülməsi, inventarlaşdırılması və azaldılması tədbirlərinin həyata keçirilməsinə dair SOCAR-ın qabaqcıl təcrübəsi haqqında ətraflı məlumatlar təqdim edilib.

 İştirakçılar, həmçinin “Neft Daşları”nda həyata keçirilən “Sızmaların Azaldılması və Təmiri Layihəsi”nin (Leak Detection and Repair - LDAR) icrası haqqında məlumatlandırılıblar. Regionda ilk dəfə olaraq 2016-2022-ci illər ərzində SOCAR tərəfindən reallaşdırılan və emissiyaların azaldılmasını, sertifikatlaşdırılmasını özündə əks etdirən layihənin icrası nəticəsində qazanılan uğurlu təcrübədən yararlanaraq, 2023-cü ildə “Neft Daşları”nda ikinci və daha genişmiqyaslı “LDAR” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas üstünlüyü atılmaların azaldılması ilə ətraf mühitin qorunmasına töhfə vermək, həmçinin azaldılmış emissiya həcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir. Səfər zamanı iştirakçıların layihəyə dair sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

18 aprel 2024-cü il tarixində bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər təşkil edilib. Səfər zamanı bp-nin əməkdaşları tərəfindən iştirakçılar üçün təqdimatlar keçirilib, terminalda neft-qaz əməliyyatları prosesində emissiyaların azaldılmasına dair şirkətin təcrübəsi və  metanın ölçülməsi üzrə tətbiq olunan yeni texnologiyalar haqqında ətraflı məlumatlar təqdim edilib.

“Azəri-Mərkəzi-Şərqi” platformasının məsafədən idarəetmə mərkəzi ilə tanış olan iştirakçılara innovativ avtomatlaşdırılmış mexanizmlərin tətbiqi ilə platformanın Səngəçal terminalından idarə olunduğu barədə məlumat verilib. Platforma “Azəri-Çıraq-Günəşli” platformaları arasında, həmçinin bp-nin tam quruda idarə olunan ilk platformasıdır.

Qeyd edək ki, SOCAR və bp şirkətləri birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması (“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icra edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və bp tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.