20 aprel 2024 17:45
235

Azərbaycanın uğurlu siyasətinin nəticəsi... Hərbi ekspert ŞƏRH ETDİ

Artıq Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edib. Əslində Rusiya sülhməramlıları bundan öncə də bir partiyanı öz hərbi hissələrinə geri ezam etmişdilər. Nəzərə alsaq ki, Rusiya sülhməramlılarının Azərbaycandakı kontingenti Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Rostov şəhərində qərargahı yerləşən ordusunun 15-ci briqadası idi. İndi onlar öz hərbi hissələrinə qaytarılırlar. Təbii ki, indi buradan Rusiya sülhməramlılarının geri çağırılması Rusiyanın siyasi-hərbi qərarına bağlı idi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirdi.

O xatırladıb ki, biz 2025-ci ilədək Rusiya sülhməramlılarının bölgədə Üçtərəfli Bəyanata əsasən olmalarını razılaşdırmışdıq: “Xüsusən bu, Üçtərəfli Bəyanatda öz əksini tapmışdır. Amma Rusiya sülhməramlılarının ilkin mərhələdə bölgəyə gəlməsi səbəbi ortadan qalxdı. Yəni onlar düşünürdülüər ki, Qarabağda erməni əhalisi ilə Azərbaycan əhalisinin mövcud inteqrasiyası zamanı mümkün ola biləcək münaqişənin neytrallaşması üzərinə bir təhlükəsizlik missiyası var idi. O missiya sıfırlandı. Nəyə görə? Azərbaycan 19-20 sentyabr lokal antiterror tədbirlərindən sonrakı mərhələdə Rusiyanın o planları subyektin, yəni ermənilərin artıq öz istəyi üzərinə Qarabağdan könüllü Ermənistana getmələri Rusiyanın bu missiyasının siyasi-hərbi tapşırıqlarını sıfırladı. Yəni ermənilər orada yaşamaq istəmədilərsə, köçdülərsə, bu, o deməkdir ki, artıq  tərəf yoxdur. Yəni Rusiyanın burada sülhməramlı kontingenti ilkin mərhələdə 1960 nəfərlə gəlmişdilər. Onların bir hissəsini çıxaranda, sonra hardasa bir tabora qədər şəxsi heyəti, zirehli texnikası, hərbi gücü qalırdı. Artıq əsas hissəsinin də birinci mərhələdə çıxarılması onu göstərir ki, artıq Rusiya burada sülhməramlıların saxlanılmasına ehtiyac görmür. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamasına görə, dövlətlər arasında razılaşmaya əsasən bu, baş verirdi. Bu, o deməkdir ki, artıq Rusiya və Azərbaycan siyasi, diplomatik olaraq bu münasibətlərin real status-kvoya uyğunlaşdırılmasına həyata keçirirlər. Rusiya sülhməramlıları buradan çəkilib Rusiyaya öz hərbi hissələrinə dediyim hərbi bazalarına gedirlər”.

Hərbi ekspert qeyd edib ki, biz yeni bir mərhələyə keçdik: “Təbii ki, bunu Azərbaycanın diplomatik-siyasi qalibiyyəti kimi qiymətləndirməliyik. Marginal qruplar, radikallar dövləti bunun üzərindən kifayət qədər sorğulayırdılar ki, Rusiya Silahlı Qüvvələri girdiyi yerdən heç vaxt çıxmır. Rusiya yenidən Azərbaycan ərazilərinə gəlməklə Qarabağı nəzarətə götürdü kimi bir iddialar var idi. Baxın, bütün iddialar necə ki, 44 günlük müharibədə Azərbaycan müharibə edə bilməz, Rusiya buna imkan verməz. Sonrakı mərhələdə Laçın yolunu biz nəzarətə götürəndə orada Rusiya sülhməramlıları var, bunlara Rusiya icazə verməz. Ondan sonra ötən ilin 19-20 sentyabr tarixlərində antiterror əməliyyatlarını keçirəndə deyirdilər ki, Rusiya sülhməramlıları ordadır, icazə verməzlər. Nəticədə həmin fikirləri yürüdənlər  gördülər ki, bu sahədə hər şeyi Azərbaycanın siyasi iradəsi həll edir. Bunu da çox diplomatik yollarla Rusiya ilə münasibətləri qoparmadan hər hansı bir gərginlik fonuna, münaqişəyə gəlib çıxmadan ikitərəfli qaydada biz bunu həl edə bildik. Demək ki, bu coğrafiyada artıq Rusiya ilə siyasi əlaqələrimiz bir-birinin ərazisində silahlı qüvvələr olmayan dövlətlər kimi davam etdirəcəyik. İqtisadi, hərbi-texniki əlaqələrimiz, diplomatik-siyasi əlaqələrimiz təbii ki, bunun üzərindəndir. Bir nümunəni də bilməliyik ki, artıq biz Rusiyaya yanaşmada mental-genetik qorxular var idi ki, Rusiya buranı tərk etməz, Rusiya Silahlı Qüvvələri buradan çıxarıla bilməz. Rusiya Silahlı Qüvvələri girdiyi dövlətlərin ərazisindən çıxmır, tezisini də sıfırlamış oldu. Cəmiyyətimiz də bilməlidir ki, yeni mərhələyə keçirik. Artıq yeni mərhələdə də sülhməramlıların ərazimizdən çıxarılması üzərinə Ermənistanın Qazaxın 4 kəndinin geri qaytarılmasına dair artıq razılaşdırmanın olduğunu səslədi. Demək ki, bir-birinin ardınca Azərbaycanın strateji məqsədlərini həyata keçirdiyini də görürük. Çox böyük uğurdur, çox böyük tarixdən keçirik. Hər kəsi bunun üzərindən təbrik edirəm”.

Cavid Əkbər, “İki sahil”