04 may 2024 01:57
1307

“Yaşıl enerji” tranziti regional layihələrin yeni fəslidir

Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji keçidinin lokomotivinə çevrilə bilər

Müasir dövrdə ölkələrin əksəriyyəti iqlim dəyişmələri ilə mübarizəni prioritet hesab edir və müxtəlif fəaliyyət planları hazırlayırlar. Azərbaycan beynəlxalq səviyyədə bu mübarizəyə dəstək göstərən və problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə fərqlənən dövlətlər sırasındadır. Ölkəmiz tərəfindən bərpaolunan enerji və "yaşıl enerji"yə keçid prosesi sahəsində örnək tədbirlər həyata keçirilir.          Azərbaycan regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin də əsas təşəbbüskarı kimi çıxış edir. Bu istiqamətdə Mərkəzi Asiya ölkələri ilə də əməkdaşlıq genişlənir. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar.

Qazaxıstan, Özbəkistan və Azərbaycan ittifaqının əsas komponenti isə “yaşıl enerji” dəhlizidir. Mayın 1-də Daşkənddə keçirilən görüşdə 3 ölkənin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın Günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na əsasən, tərəflər enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur. Niyyət hər 3 ölkənin mövcud külək və Günəş enerjisi resurslarını vahid dəhlizdə birləşdirərək Avropaya nəql etməkdir.

Əslində, hər üç ölkənin bu sahədə əməkdaşlığa başlaması üçün imkanları yetərincədir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin ötən il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.

Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək. "Yaşıl Enerji Zonası" Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilir.

Qazaxıstana gəlincə isə, hazırda uran hasilatında lider olan qonşu ölkə günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat-saatdan artıq, Günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırır.

Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistanda isə külək enerjisinin potensialı 520 qiqavat, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat təşkil edir. Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı nəzərdə tutur.

Göründüyü kimi, 3 qardaş ölkənin bərpaolunan enerji potensialları bölgədə yeni  “yaşıl enerji” dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər.

Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, sənədin icrası “yaşıl enerji”nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Nigar Orucova, “İki sahil”