20 aprel 2024 19:13
197

Orban yenə Aİ rəhbərliyini istefaya çağırdı

Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdən kənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələri bundan zərər görəcək.

“İki sahil” xəbər verir ki, bir neçə gün əvvəl bu fikirləri səsləndirən Macarıstanın Baş naziri Viktor Orban şənbə günü xalq müraciətində onları təkrar edib.

"Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakət deməkdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşaraq qaçırlar, cinayətlərin sayı artır, zorakılıq halları çoxalır, onlar uşaq böyütmək və onları gender fəallarına təhvil vermək istəyirlər”, - Orban deyib.

Macarıstanın Baş naziri problemin həlli ilə bağlı şəxsi fikirlərini də təqdim edib:

“Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif nəticələr göstərərək seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir iş görə bilərsiniz - əşyalarınızı yığın və vəzifənizi tərk edin. Brüssel rəhbərliyi getməlidir”.

“Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratları kənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək, onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcə Avropaya deyil, həm də bizə - macarlara böyük zərər verəcək”, - Macarıstanın baş naziri əlavə edib.

Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban mətbuat konfransı zamanı deyib ki, "Yaşıl keçid", davamlı inkişaf siyasətləri, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bu layihələrin hamısı uğursuz oldu. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, amma bizə yeni liderlər lazımdır".