22 aprel 2024 10:35
293

Dünyanın idman paytaxtı - BAKI

Artıq neçə ildir ki, Azərbaycan  müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi  idman ölkəsinə də çevrilib.  Ölkəmiz Bakı-2015 I Avropa Oyunlarına, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına, "Formula I”ə, UEFA Avropa Liqasının final oyununa, gimnastika üzrə 37-ci Dünya çempionatına, idman gimnastikası üzrə Dünya kuboku yarışlarına, bədii gimnastika üzrə XXXV Avropa çempionatına, Avropa Gənclər Olimpiya Festivalına və digər mötəbər idman tədbirlərinə ev sahibliyi etməklə bunu dəfələrlə sübut edib. Başqa sözlə desək, demək olar ki,  Bakı hər il beynəlxalq yarışlara ev sahibliyi etməklə adını tarixə yazdırıb. Üstəlik, hər bir tədbir də beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib. Bu mənada  idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb. Bu, ölkəmizdə idman dəyərlərinin formalaşmasına, kütləviləşməsinə də təsir göstərir. Bunu beynəlxaıq ekspertlər də etiraf edirlər. Şübhəsiz, bütün bunlar Azərbaycanın uğurlarıdır. Bu kimi tədbirlər həm də ölkəmizin haqq işinin dünyada təbliğ olunmasında, respublikamıza gələn turistlərin sayının artmasında önəmli rol oynayır.  

Yeri gəlmişkən qeyd edək ki, bu gün  ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır.


Elə bu kimi səbəblərdən də Bakı 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb. Bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib. O vurğulayıb ki, bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək: "Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".

Monakonun təhsil, gənclər və idman komissarı İsabel Bonnal isə həmin tədbirdə bildirib ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib: “Bakının küçələrində müxtəlif yaş kateqoriylarından insanların idmanla məşğul olduğunu görmək mümkündür. Bu, olduqca xoş məqamdır”.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, sevindirici haldır ki, Bakının dünyanın idman paytaxtı ilə bağlı namizədliyini irəli sürməsi müsbət qarşılanıb. Hətta bununla bağlı kitab dərc olunub. Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli isə deyib ki,  Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirib: “İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.

Şübhəsiz, yaxın günlərdə Bakının idman sahəsində atdığı addımlar müsbət dəyərləndirilləcək və o, 2026-cı ilin idman paytaxtı statusunu əldə edəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”