22 aprel 2024 12:59
437

Günəşdən qoruyucu krem nə üçün faydalıdır? - KOSMETOLOQDAN ŞƏRH

Günəşdən qoruyucu krem açıq havada olanda hər iki saatdan bir, qapalı yerdə isə dörd saatdan bir yenilənməlidir

Havalar isinəndə, günəş şüaları ətrafa yayılanda xanımların əksəriyyəti  üz dərisini günəşdən qoruyucu kremlərindən istifadə etməyə başlayır. Zərərli ultrabənövşəyi şüalardan qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Lakin bu zaman bəzən ciddi səhvlərə yol verilir. Bəs günəşdən qoruyucu kremləri necə istifadə etmək lazımdır?

Kosmetoloq Nura Azizi Rzayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ozon təbəqəsinin incəlməsi Günəşdən gələn zərərli şüaların hər il daha güclü şəkildə yerə çatmasına səbəb olur. Bu vəziyyət uzun müddətdə bütün canlılar üçün həyəcan siqnalıdır və həmçinin dəridə ciddi problemlərə də yol açır. Günəş işığı güclü D vitamini mənbəyidir və sümük sağlamlığı və immunitet sistemi üçün çox vacibdir. Lakin Günəş şüalarının tərkibində D vitamini ilə yanaşı, radioaktiv olan və dərini zədələyən ultrabənövşəyi şüalar da var. Təəssüf ki, həyat mənbəyi olan bu şüalar dərimizə o qədər də fayda vermir. Dərinin alt qatına təsir edərək qocalmanın təsirini artırır və uzun müddətdə dəri xərçənginə səbəb ola bilər.

Mütəmadi istifadə edildikdə...

Kosmetoloqun sözlərinə görə, Günəşdən qoruyucu kremlər mütəmadi istifadə edildikdə qırışların və incə xəttlərin yaranmasının qarşısını alır. Melanin (dəriyə, saçlara, gözə, mərkəzi sinir sisteminin müəyyən hissələrindəki tünd rəng) rəng piqmentlərinin sərbəst artmasına nəzarət edərək dəri ləkələrinin yaranmasının, Günəş yanıqlarının qarşısını alır və soyulma problemlərini azaldır. Kollagen və hialuron turşusunun tarazlığının zədələnmədən saxlanmasını təmin edir.

Açıq havaya çıxmadan 25-30 dəqiqə əvvəl...

Həmsöhbətimiz diqqətə çatdırdı ki, Günəşdən qoruma kremlərini açıq havaya çıxmadan 25-30 dəqiqə əvvəl üz və boyun nahiyəsinə tətbiq etməlisiniz.Üz sahəsini tamamladıqdan sonra həmin məhsulu çölə çıxdığınız zaman açıq qalacaq digər nahiyələrə, məsələn, qollarınıza və ayaqlarınıza sürtməlisiniz. Günəşdən qoruyucu kremlər nə qədər premium marka olsalar da, məhsulun növündən asılı olaraq 2 və ya 2,5 saat günəşdən effektiv qorunma təmin edir. Bu səbəbdən günəşdən qoruyucu kremin eyni saat aralıqlarla yenilənməsi lazımdır. Əks təqdirdə, effekti olmaz.

Kosmetoloq vurğuladı ki, Günəşdən qoruyucu vasitələrdə nəzərə alınmalı olan mühüm məqam məhsulun UVA və UVB qoruyucusu ilə yanaşı, SPF-nin də olmasıdır. UVB şüaları dəridə melanin oksidləşməsinə səbəb olduğundan, UVA şüaları birbaşa dermis təbəqəsinə çatır, kollagen və elastin liflərini zədələyir. Bundan əlavə, dəriyə qulluq rutininin son mərhələsində günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir. Sun Protection Factor yəni ki, günəşdən qoruma faktoru mənasını verən SPF-ləri dərinizi effektiv qorumaq üçün düzgün şəkildə və lazımi vaxtda istifadə etməlisiniz. Bunun üçün də ilk növbədə dəriniz üçün ən uyğun məhsulu seçməlisiniz.Yay və ya qış olmasından asılı olmayaraq, hava buludlu olsa belə, günəş kremindən istifadə etmək vacibdir. Ona görə də ilin hər günü istifadə edə biləcəyiniz günəşdən qoruyucu kreminizin olması  mütləqdir.

DİQQƏT: Bu maddələr dərinin qıcıqlanmasına səbəb ola bilər

Həmsöhbətimiz xatırlatdı ki, SPF (Günəşdən Qoruma Faktoru) Günəşdən qorunma səviyyəsini təyin edir. SPF səviyyəsi nə qədər yüksəkdirsə, dəri üzərində qorunma da bir o qədər təsirli olur. Ən azı SPF 30 olan günəş kremindən istifadə etməyi məsləhət görürəm. Daha yüksək SPF səviyyələri də seçilə bilər, lakin SPF 50-dən yuxarı qalxmaq əlavə qorunma təmin etmir. Günəşdən qoruyucu kremlərin tərkibinə də diqqət yetirmək lazımdır. Bəzi Günəş qoruyucuları kimyəvi maddələrdir və bu maddələrin bəziləri dərinin qıcıqlanmasına səbəb ola bilər. Ona görə də təbii qoruyucu vasitələrdən ibarət tərkibə malik SPF-lərə üstünlük verilməlidir.

Nura Azizi Rzayeva  qeyd etdi ki, hər gün Günəş kremi istifadə edənlərin dərisində qocalma əlamətləri Günəş kremi istifadə etməyənlərə nisbətən 24 faiz daha az olur. Bundan əlavə, müntəzəm olaraq günəş kremi sürtmək kosmetik faydalarla yanaşı, ciddi dəri sağlamlığı problemlərinin qarşısını alır. Günəşdən qoruyucu krem açıq havada olarsa hər iki saatdan bir, qapalı yerdəsinizsə dörd saatdan bir yenilənməlidir, xüsusən də tərləmə və islandıqdan sonra. Dəriniz yağlıdırsa (oil free) yazılan yəni yağsız olan  SPF-lər, dəriniz qurudursa və ya qurumağa meyillidirsə (fluid)  yazılan  maye SPF-lərdən  istifadə edə bilərsiniz. Əgər makiyaj etməyi sevirsinizsə, sprey şəklində olan Günəşdən qoruyucu kremlər məsləhətdir. Təmiz üzünüzə Günəşdən qoruyucu sürtüb gün ərzində hətta makiyajınız olsa belə təkrar tətbiq edə bilərsiniz. Bunun üçün xüsusi istehsal olunan və makiyajın üzərinə çəkilə sprey şəklində Günəşdən qoruyucu vasitələrdən istifadə edə bilərsiniz. Həmçinin, unutmayın ki, BB krem və ya tonal krem və bütün növ örtücülər SPF tərkibli formalarda istehsal olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”