24 aprel 2024 12:26
236

Regional sabitliyə əsaslanmış münasibətlər bu gün də inkişaf edir

20-ci əsrin dahi şəxsiyyətləri sırasında Azərbaycan xalqının görkəmli nümayəndəsinin olması Azərbaycanın müasir demokratik dövlət quruculuğu prosesinə əhəmiyyətli təkan verib. Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində formalaşmış müasir Azərbaycan Respublikası bu gün Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi qlobal arenada böyük nüfuz sahibidir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dövlət müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində yorulmaz fəaliyyətin simvoluna çevrilib.

Dünyanın böyük qütbünə rəhbərlik edən, konfederativ quruluşa malik SSRİ-nin dövlət idarəçiliyində yüksək yer alan, yeganə müsəlman olan Heydər Əliyevin quruculuq fəaliyyəti onun ətrafına olan  professional yanaşması və insani münasibəti, multikultural dəyərlərə sadiqliyi tariximizin həmin mərhələsinin öyrənilməsini daha da vacib edir.

Azərbaycan xalqının təmsilçisi olaraq Ulu Öndər vahid ittifaqda yer alan, habelə onunla dərindən əməkdaşlıq edən Respublikalarla münasibətə xüsusi yer verib. Xüsusilə, vahid ittifaqın enerji mənbəyi olan Rusiyanın ərazisində meqa layihələrin həyata keçirilməsində beynəlmilik, tolerantlıq, yüksək idarəçilik prinsiplərini tətbiq etməklə, Heydər Əliyev müasir Azərbaycan Respublikasının bu günkü qlobal çağırışların həllində gördüyü işlər üçün əvəzsiz təcrübə ortaya qoyub.

22 aprel 2024-cü il tarixində Prezident İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına səfəri çərçivəsində Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilən görüşdə iştirak etməsi Ümummilli Liderin irsinin müasir çağırışlarda yer almasının bariz nümunəsidir.

Qeyd edim ki, 1940-1989-cü illərdə tikilən, ümumi uzunluğu 4300 km təşkil edən BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralıdır.

Həmin görüşdə o vaxtın canlı şahidi olmuş veteranlar tərəfindən də qeyd olunduğu kimi, BAM-ın tikinti işlərinin yekunlaşmasında hökumət komissiyasının rəhbəri olaraq Ümummilli Liderin misilsiz xidmətləri olub. Bu gün BAM təkcə Rusiya Federasiyası üçün yox, həmçinin demək olar ki, bütün Avrasiya məkanının logistik xəritəsinin formalaşmasında mühüm rol oynayır.

Təsadüfi deyil ki, məhz əldə olunmuş təcrübə planetimizin və dünya əhalisinin daha yaxşı yaşaması üçün Azərbaycana “Şimal-Cənub”, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsinə töhfə verərək, qlobal nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün faydalılığını ortaya qoymağa şərait yaradır.

Ümumiyyətlə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub.

Prezident İlham Əliyevin bu səfərini eyni zamanda, 22 fevral 2022-ci il tarixində Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskva Bəyannaməsinin icrasından irəli gələrək logistika və ticarət, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün növbəti bir addım kimi dəyərləndirmək olar.

Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Eyni zamanda, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 1400-dən çox müəssisənin fəaliyyət göstərməsi, ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləğinin 300 milyon dollara yaxın olması iki dövlət arasında götürülmüş öhdəliklərə sadiqliyin əyani təzahürüdür.

Müasir Azərbaycan tarixi ilə müasir Rusiya tarixinin eyni dönəmə təsadüf etməsi, geosiyasi mövqelərimiz, eləcə də xalqlararası münasibətləri nəzərə aldıqda görürük ki, iki ölkə arasında sülhə və regional sabitliyə əsaslanmış münasibətlər bu gün də uğurla inkişaf etdirilir.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı