25 aprel 2024 16:03
233

Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxs dövlət ittihamçısına etirazla çıxış edib.

S. Əliyeva bildirib ki, dövlət ittihamçısı Ziya Mansurov iştirak etdiyi proseslərdə verdiyi vəsatətlərə ehtiyac olmadığını deyib, ya da təmin edilməməsini istəyib: "Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir".

Daha sonra qərar elan edilib, etiraz baxılmamış saxlanılıb.

Prokuror ittiham aktını elan edib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Ümumilikdə vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Sonra hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.

Hakim M. Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib: "Protokola əsasən siz sənədlərlə tanış olmusuz. İfadə verə bilərsiz. Ancaq siz hazırda məhkəməni süründürməçiliyə salırsız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız".

Təqsirləndirilən Sümbülə Əliyeva isə sənədlərlə tanış olduğunu deyib: "Sənədlərlə tanış olduğumu boynuma alıram. Ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil".

Məhkəmə mayın 2-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət içi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.