26 aprel 2024 02:16
371

Vardanyanın xarici “yan”ları

Qarabağ iqtisadi rayonunda artıq cəhənnəmə vasil olmuş qondarma rejimin sabiq “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran erməni əsilli rusiyalı milyarder, qlobal fırıldaqçı Ruben Vardanyan yenə gündəmə gəlib. Bu dəfə “xeyriyyəçi” dələduzu piar şirkətlər, həmçinin CNN kimi telekanallar  “qəhrəman” obrazında təqdim etməyə çalışırlar. Daha doğrusu, onun təbliğat kampaniyasını aparırlar. Təbii ki, Vardanyanın pulu müqabilində…

Bəri başdan qeyd edək ki, bir vaxtlar Rusiya vətəndaşlığından imtina edərək “könüllü” surətdə Qarabağ ərazisinə köçmüş Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. O, ötən il sentyabrın 27-də Qarabağdan Ermənistan istiqamətində hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Bəli, indi qlobal fırıldaqçının ailəsinə istinadən dövriyyəyə belə bir məlumatlar buraxılıb ki, guya Ruben Vardanyan saxlanıldığı Bakı həbsxanasında aclıq aksiyası keçirir. Hətta məlumatlarda ona digər canilərə, separatçılara yəni, qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyanla, Bako Saakyanla, Araik Arutyunyanla, sabiq "xarici işlər naziri" David Babayanla, eləcə də “parlament sədri” David İşxanyanla, generallar-Lyova Mnatsakanyanla, David Manukyanla müqayisədə fəqli münasibət göstərildiyi də bildirilir. Halbuki, Azərbaycanın müvafiq orqanları hazırda həbsdə olan separatçılarla beynəlxalq hüquq normaları çərçivəsində rəftar edir, onların  təhlükəsizliyi ilə ciddi maraqlanır, ailələri ilə müntəzəm əlaqələrə şərait yaradır. Amma təbii ki, onlar əməllərinə, yəni törətdikləri cinayətlərə görə mühakimə olunurlar. Ermənistan isə hər zaman bizim əsirlərə və ələ keçirdiyi mülki şəxslərə qarşı amansız və qəddar davranıb. Elə Birinci Qarabağ müharibəsində Ermənistanın əsir götürdüyü 4000-dən çox Azərbaycan vətəndaşının taleyindən bu günədək bir xəbər olmaması bunu sübut edir. Amma rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, təcavüzkar ölkədən fərqli olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Hazırda ölkəmizdə bir nəfər də olsun erməni əsiri yoxdur. İstintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilən Vardanyana gəldikdə isə o, hərbi əməliyyatlar zamanı əsir düşməyib, antiterror əməliyyatı nəticəsində həbs olunub. Bu mənada o, əsir deyil, terrorçu-separatçıdır. Belələri isə bir qayda olaraq məhkəmə qarşısına çıxarılır. O ki qaldı aclıq aksiyayası ilə bağlı iddialara, əvvəla, fotolardan, digər görüntülərdən belə məlum olur ki, hazırda Ruben Vardanyan top kimidir, səhhətində heç bir problem yoxdur. Bu mənada piar şirkətlərin, həmçinin CNN kimi telekanalların  Vardanyanın ailəsinə istinadən  uydurduqları sadəcə diqqəti ona yönəltməkdən başqa bir şey deyil.

Şübhəsiz,  Nikol Paşinyana rəqib kimi ortaya atılan Ruben Vardanyanın “iztirablar”ının bu şəkildə qabardılması heç də təsadüfi deyil. Göründüyü kimi, məqsəd onu həbsdən çıxarmaqdır. Ruben Vardanyanın “xeyriyyəçilik və humanitar fəaliyyətinə” görə 2024-cü il Nobel Sülh Mükafatına namizədliyinin irəlü sürülməsi də elə bu niyyətə xidmət edir. Amma onların xam xəyallarının ürəklərində qalacağı şəksizdir. Yeri gəlmişkən qeyd edək ki,  Vardanyanın Nobel mükafatına namizədliyi barədə ilk məlumatı Rusiyanın RBC agentliyi yayıb. Bu media holdinq isə Avropa İttifaqı və Böyük Britaniyanın da şəxsi sanksiyaları altında olan rusiyalı oliqarx Qriqori Berezkinə məxsusdur. Bu mənada demək olar ki, Ruben Vardanyanın Nobel mükafatına namizəd olması belələrinin xam xəyallarından, fərziyyəsindən başqa bir şey deyil.

Ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ərəfəsində müharibədən məğlub çıxan Ermənistan və onun sifarışlərini yerinə yetirən Qarabağdakı  xunta rejimi bölgədə gərginliyi artırmaqda davam edirdilər. Yaşanmayan “humanitar fəlakəti” əllərində bayraq edən separatçılar  güvəndikləri əksər beynəlxalq qurumların, həmçinin böyük dövlətlərin bu məsələdə onların gözləntilərini doğrultmadıqlarını görüb daha da həyasızlaşmışdılar. Halbuki o zaman Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əsilli əhalinin ehtiyaclarını qarşılamaq üçün Bakıdan 40 ton undan ibarət humanitar yardım yola salmışdı. Amma  Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın - “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvləri humanitar yükün Ağdam-Xankəndi yolu ilə Xankəndiyə daxil olmasına imkan vermirdilər. Hətta Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan Ermənistan mediasına demişdi ki, erməni silahlı dəstəsi də onlarla birgə bu aksiyada iştirak edir. Vardanyanın mənfur əməlləri bununla bitmirdi. Belə ki, o, qondarma “dqr”, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişin imzalanmasını tələb etməklə yanaşı,  ölkəmizin ünvanına hədə-qorxu bəyanatları səsləndirirdi. Amma Vardanyanın bu, eləcə də həyata keçirmək istədiyi digər şouları Azərbaycan uğurlu diplomatik gedişləri sayəsində fiaskoya uğratdı. Bütün bunların fonunda bu “xeyriyyəçi” Azərbaycan ərazi­sində çirkli pulları yumaqla, narko­tik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə məşğul olmuşdu. Üstəlik o,  sülhməramlıların fəaliyyəti dövründə Azərbaycana məxsus ərazidə mis, molibden və qızıl yataqlarını qanunsuz olaraq ələ keçirmişdi. Buradan da görünür ki, R.Vardanyanın “qəhrəmanlığı” yalnız və yalnız varidatını artırmaqla məhdudlaşmışdı.  

Vardanyanın təkcə Azərbaycanda deyil, Ukraynada da separatizmə dəstək verən bir terrorist kimi tanınır. Odur ki, Ukrayna tərəfindən sanksiyaya məruz qalmış Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi bu ölkədə də ikrah doğurub. Hətta bu günlərdə Ukrayna Ali Radasının 18 deputatı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə etiraz edərək məlumat yayıb. Üstəlik, onu Nobel Komitəsinə də ünvanlayıblar. Bəyanatda deyilir ki, terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən belə bir adamın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik: “Nobel Komitəsini Vardanyanın əlaltılarının müraciətini rədd etməyə çağırırıq, çünki sübut olunmuş cinayətkarın sülh işinə xidmət etməsi mümkün deyil”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan QHT-i, Qarabağ və Şərqi Zəngəzur sakinləri də Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. Həmin məktubda deyilir: “Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər”. Məktubda daha sonra deyilir: “Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub. Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb”.

Məlumat üçün bildirək ki, Ruben Vardanyanın Rusiyadakı korrupsiya şəbəkəsində rolu və çirkli pulların yuyulması piramidasına rəhbərlik etməsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) geniş araşdırması ilə bir neçə il öncə üzə çıxmış və dünyanın nüfuzlu dərgilərində bu araşdırma dərc edilmişdi.  2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Ruben Vardanyana qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıb və hələ 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü ona  qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib. Onu da xatırladaq ki, 2019-cu ildə R.Vardanyan 2012-ci ilə qədər rəhbərlik etdiyi “Troyka Dialoq Bank”la əlaqəli ofşor sxemlər vasitə­silə vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunub. OCC­RP-nin araşdırmasına görə, o və tərəf­daşları müxtəlif ölkələrdə gizli şirkət­lərdən və hesablardan istifadə edərək vergi orqanlarından təxminən 8,8 mil­yard dollar gizlədiblər. 

Belə olan təqdirdə görəsən, Qərbin, ABŞ-ın bəzi dairələri (USAİD, ABŞ-ın EDELMAN PR şirkəti və s.) ona niyə dəstək verirlər, niyə onun təbliğatı ilə məşğuldurlar? Axı “dünya şöhrətli” fırıldaqçının, separatçının bu formada müdafiə olunması hansı qanunlarla nizamlanır? Bu təbliğatın önündə gedən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauerin canfəşanlığına nə ad vermək olar? Bu, həmin Samanta Pauerdir ki, o, ermənidən  betər ermənilik nümayiş etdirir. Bircə faktı qeyd edək ki, ermənilərin uydurduqları “etnik təmizləmə” xülyasına uyan bu xanım 24 apreli – ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü elan edib. Məlumatlara görə, S.Pauer hazırda Bakıda həbsxanada saxlanılan Ruben Vardanyanla sıx əlaqələrə malik olub. R.Vardanyan iki həmkarı ilə birlikdə 2016-cı ildə “beynəlxalq humanitar mükafat” adlan­dırılan, “erməni soyqırımı”ndan sağ çıxanların adından verilən  “Avrora” adlı mükafat təyin etmişdi. S.Pauer də 2017-ci ildən “Avrora”nın seçim komitə­sinin üzvü idi. Şübhəsiz, rəsmi Bakı S. Pauerlə isti münasibətləri olan Vardanyanı həbs etməklə, həm də bu beynəlxalq təşkilatın iç üzünü ifşa edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”