Revanşizm atəşi ilə alışıb-yanan Kocaryan-Sarkisyan-Karapetyan üçlüyü bu həqiqəti unutmamalıdır
Vətən müharibəsində Azərbaycan Ordusu işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etdi. Erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları məhv edildi.
Təcavüzkar Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsində beynəlxalq hüququn bütün norma və qanunlarına riayət edərək istər Qarabağda, istərsə də Ermənistan ərazilərində mülki obyektləri hədəfə almadı. Ölkə başçısının söylədiyi kimi, Azərbaycan Ordusu Gəncə, digər şəhər və kəndlərimizdə düşmən tərəfindən qətlə yetirilmiş mülki şəxslərin qisasını xain düşməndən fərqli olaraq döyüş meydanında artıqlaması ilə aldı. Şübhəsiz, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Prezident İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibədə erməni faşizmini bir daha ifşa etmişdi: “Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır”.
2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirləri ilə separatçılığa son qoyuldu və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Revanşistlər bu antiterror tədbirlərinin nəticələrini və separatçıların tərksilah edilməsini unutmamalıdırlar. Regionda sülh və sabitlik beynəlxalq hüquq normaları əsasında qurulur. Revanşistlərin ərazi iddiaları və təxribat xarakterli bəyanatları Ermənistanı fəlakətə və ağır nəticələrə apara bilər.
Ermənistanda iyunun 7-də kiçiriləcək parlament seçkilərində namizədliklərini irəli sürən Robert Koçaryan və Samvel Karapetyan başda olmaqla antisülh cəbhəsi-revanşist ritorikadan çıxış edən erməni siyasətçiləri bilməlidirlər ki, sirkə nə qədər tünd olsa öz qabını çatladar. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanda baş qaldıran istənilən revanşist qüvvəyə ən sərt şəkildə cavab veriləcək.
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə bildirib: “Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq. Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
2025-ci ildə Ermənistandakı müharibə tərəfdarlarının-revanşistlərin və separatçı qüvvələrin tör-töküntülərinin İrəvanda- Eçmiədzində yenidən qondarma rejimin “bayraq”ını, daha doğrusu, çapıtını, əski parçasını qaldırmalarına sərt münasibət bildirən baş nazir Nikol Paşinyan baş verənləri ölkəsinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi: “Açıq şəkildə bəyan etmək istəyirəm ki, Ermənistanda yalnız bir hökumət var və o da bu zalda əyləşib. Lazım gələrsə, xarici qüvvələrin bəzi dairələrdən təhlükəsizliyə təhdid yaratmaq üçün istifadə edə bilməməsi üçün müvafiq tədbirlər görülməlidir. Dövlətə hörmət sərhədini aşan hər kəs cavab almalıdır”
Hazırda Ermənistanda seçki ərəfəsindəki ab-havadan, ictimai rəylərdən göründüyü kimi, ermənilər xarci güclərin təsiri və dəstəyi ilə sülhə mane olmaq istəyən revanşistlərin-Koçaryan-Sarkisyan-Karapetyan üçlüyünün arxasınca getmək istəmirlər. Uzun illərin gərginliyindən, insanların həyatını məhv edən, acı göz yaşları və qan-qada gətirən müharibənin törətdiyi fəlakələrdən yorulan, usanan erməni cəmiyyətinin böyük əksəriyyəti, necə deyərlər, ağlı başında olan kəsimi sülh, əmin-amanlıq, dinc yaşamaq tərəfdarıdır. 30 ilə yaxın müddətdə başı daşdan-daşa dəyən ermənilər yenidən başlarını dərdə salmaq istəmirlər. Çünki onlar yaxşı bilirlər ki, tarix cəzalandırmaq istədiklərinin əvvəlcə ağıllarını əlindən alır…
Zahid Rza, “İki sahil”