26 aprel 2024 00:09
270

Əli Kərimli niyə ləyaqətsiz xarakterindən əl çəkmir?

Çünki vicdan kor olan yerdə şeytan at oynadar

AXCP sədri Əli Kərimlinin son iddiası bir daha göstərir ki, bu adam hələ də rəzil və antimilli xarakterindən əl çəkə bilmir. Məsələn o, rus sülhməramlılarının  Azərbaycandan çıxarılmasından bəhs edərkən  dövlətin və iqtidarın  ünvanına «özlərini elə aparırlar ki, guya böyük iş görüblər» deyir. Halbuki onun 44 günlük tarixi Zəfərimizdən sonra hakimiyyəti ən çox tənqid etdiyi mövzu məhz bununla bağlı olub. Az qalao,  hər gün avantüristcəsinə Azərbaycan dövlətini və onun rəhbərini Qarabağı ermənilərə və ruslara «təhvil verməkdə» qınayardı. Lakin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli  siyasəti nəticəsində Xankəndidəki separatçı və terrorçu xunta birdəfəlik ləğv edildi. İndi  Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan Bayrağı ucalır. Ordumuz ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə qoruyur.  Eyni zamanda Qazaxın 4 kəndinin qaytarılması prosesinə başlanılıb. Qısa zamanda bu hadisə də ölkəmizin hərbi-siyasi uğuru kimi tarixə düşəcək.

Bir sözlə,  Müzəffər Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə bildirib ki, «nəyi nə vaxt, necə etməyi mən bilirəm.» Məhz dövlət başçısının riyazi dəqiqliklə hadisələrin gedişini izləməsi və ona uyğun siyasi kurs yürütməsi bütün uğurlarımızın təməl prinsipidir. Bu kimi hərbi, siyasi və iqtisadi  uğurların bol olduğu halda bəs Əli Kərimlinin qarnının ağrısı nədir? Niyə o, həqiqətləri görmək istəmir? Niyə o, uğurlarımıza sevinə bilmir? Cavabı sadədir- ləyaqətsiz siyasətin və davranışın səbəbi vicdan korluğudur. Yəni vicdan kor olan yerdə şeytan at oynadar. Bundan başqa, son günlər Əli Kərimli Ermənistanın baş naziri Nikol Paşinyanı az qala regionun lideri kimi tərənnüm edərək Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikdirilməsində ölkəmizi günahlandırır. Bu isə AXCP sədrinin ermənipərəstlik mərəzinin gündən-günə şiddətlənməsinin təsdiqidir. O, hələ də anlamır ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycan dövləti daha çox maraqlıdır və bunun əksinə olaraq Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq bu istiqamətdə manipulyasiya edir.

Ümumiyyətlə, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində yüksək postda təmsil olunmuş, vəzifəsini itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməklə siyasi səhnəni zəbt etməyə çalışırlar. Əslində Əli Kərimlinin qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması, ölkəmizə qarşı böhtan kampaniyaları aparması bu antimilli ünsürün sosial şəbəkələrdəki, statuslarından da aydın şəkildə görünür.

Bəli, bu  gün bütün Azərbaycan və onun dostları rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin sentyabrın 20-də isə  Qarabağ iqtisadi rayonunda  separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən  bu adam hələ də dağıdıcı müxalifətçilik oyunları ilə baş qatır.

Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst  qüvvələr  böhtan və «qara piar» kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək həddinə çatıb.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  Əli Kərimlini və ətrafını ciddi şəkildə narahat edir. Əli Kərimli bununla bir daha təsdiq etmiş olur ki, o, cənab İlham Əliyev kimi uca çinarın kölgəsində itib- batan bir siyasət dəllalıdır. Bu adamın ən böyük bədbəxtliyi odur ki, o, sadəcə qaragüruhçudur, avantüristdir və milli hisslərdən uzaqdır.  Hazırda AXCP-də hökm sürən antidemokratik durum partiyadakı siyasi mühiti də tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə də dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Artıq 23 ildir ki, AXCP-nin sədri postunu zəbt edən bu özündənrazı  «siyasətçi» imkan vermir ki, oradakı gənclərdən biri irəli çıxıb özünün siyasi fəaliyyətində fərqlənsin. Bəli, bu gün Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə dağıdıcı müxalifət düşərgəsini inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Elçin Zaman, «İki sahil»