25 aprel 2024 16:51
252

Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bu görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə keçirilən bu görüşün iki dövlət arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirmişdir. Azərbaycan lideri Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdiyini deyib.

Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd edib ki, tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Sonda Prezident İlham Əliyev cənabları bugünkü görüşə görə öz dərin minnətdarlığını və görüşün iki dövlət arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyini əminliklə bildirib .

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur. Rusiyanın Bakıdakı səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında müqavilədir. Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib.  22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzalayıblar. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Komissiyanın həmsədrləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və RF Baş nazirinin müavini Aleksey Overçukdur. 26 aprel 2022-ci ildə Bakıda Mustafayev və Overçukun iştirakı ilə Hökumətlərarası komissiyanın sonuncu iclası keçirilib, iclasın gedişatında tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildiriblər.Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 

Aytən Cəyiyeva,
Bakı şəhəri, Xətai rayonu 27 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü