26 aprel 2024 12:04
309

COP29  beynəlxalq  ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük ehtiramın və dəstəyin göstəricisidir

Azərbaycan Prezident cənab İlham Əliyev aprelin 24- də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb.   

Prezident xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: « Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.»

Eyni zamanda,  qazanılan uğurlarından danışan Prezident İlham Əliyev deyib ki,  son dövrlərdə ölkəmiz üçün heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.

Qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bunlar isə Azərbaycanı, o cümlədən paytaxt Bakımızı dünyanın diqqət mərkəzinə gətirib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. 

Bəli  məhz belə mötəbər tədbirlərdən biri də bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransıdır. Ölkəmiz  iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyir. Həmçinin  bu tədbir ölkəmiz üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və dövlətimizin planlarının nədən ibarət olduğunu öyrənəcəklər. COP29 sülh prosesinin nəticəsidir. Belə ki,  Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazanıb. Burada etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Azərbaycan dövləti daim ekoloji problemləri diqqətdə saxlamaqla bu işə öz töhfələrini verib. COP29-un keçirilməsi ölkəmizə həvalə edilməmişdən əvvəl dövlətimiz ekoloji problemlərlə ciddi məşğul olurdu və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdı. Hər kəs xüsusilə Xəzər dənizinin suyunun azalmasını izlədikcə narahat olurdu. Təbii ki, bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Gəmilər üçün daha çox kanal qazılmalıdır və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Azərbaycan burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu layihələr həyata keçirir. Həmçinin ölkəmizdə ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir. «Əsrin müqaviləsi» imzalanandan  indiyədək bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Azərbaycan neft resurslarından ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün istifadə edir. Beləliklə, bu gün ölkəmiz sabit neft və artan qaz hasilatına malikdir, eyni zamanda, yaşıl enerji layihələri inkişaf etdirilir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri