26 aprel 2024 16:06
455

Gələcəyə nikbin baxış

Sivil dünya dövlətlərində olduğu kimi ekoloji problemlər və onların həlli Azərbaycan Respublikasının da daim gündəmindədir. Ölkəmiz ətraf mühitin mühafizəsinə xüsusi əhəmiyyət verir. Dövlət başçımız Cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi Azərbaycanda ekologiyanın qorunmasına göstərilən diqqətin bariz nümunəsidir. Ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Məhz möhtərəm Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi ölkəyə rəhbərlik etdiyi illər ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb.

Dünya ölkələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi ekoloji problemlərin həllinə mühüm töhfələr verdiyindən, Azərbaycan Respublikası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində belə əməkdaşlığa yüksək dəyər verir. Həm də ölkəmiz Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə özünə çoxlu etibarlı dostlar qazanmışdır.

Dövlət başçımız Cənab İlham Əliyev 24 aprel 2024-cü il tarixində ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda bir sıra vacib məsələlərlə bağlı səsləndirilən suallara öz çıxışında dolğun cavablar verdi. Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin ölkəmizin Qarabağ iqtisadi zonasını tərk etməsi ilə bağlı sualı cavablandırarkən dövlət başçımız qeyd etdi ki, Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Prezident Putinlə görüş zamanı biz həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir. Azərbaycanda 300-dən artıq rus məktəbi var və insanlar rus məktəblərində təhsil almağa üstünlük verərək onları seçirlər. Bir sözlə, ümumi məsələlərimiz çoxdur və regional ölkə - Qafqaz ölkəsi olaraq, - çünki Qafqazın müəyyən hissəsi Rusiya hüdudları daxilindədir, - əlbəttə ki, Rusiya bu regionu heç zaman tərk etməyəcək.

Cənab İlham Əliyev daha sonra nitqinə əlavə etdi ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrini azad etdikdən sonra burada geniş həcmli bərpa-quruculuq işləri ilə məşğuldur. Münaqişədən sonrakı yenidənqurma ilə bağlı məsələlərdə ölkəmizə kömək edən tərəfdaşlara minnətdarıq. Lakin təəssüf edirik ki, işğaldan azad olunmuş ərazilərimizdə mina problemi hələ də davam  edir.

Qarşıya çıxan çətinliklərə baxmayaraq Azərbaycan Respublikası bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Dövlətimiz qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilib. Bütün bunlar bizə gələcəyə nikbin baxmağa imkan verir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi