27 aprel 2024 11:39
254

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Aprelin 26-da Yəmən sahillərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 “Reaper” pilotsuz uçuş aparatı vurulub.

“İki sahil” ABŞ-ın CBS telekanalına istinadla xəbər verir ki, husi üsyançılarının nümayəndəsi Yəhya Saria PUA-nın Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Pentaqon hadisəni təsdiqləyib.

Ötən ilin noyabrından bəri ABŞ ordusu Yəmən üzərində üç ədəd MQ-9 “Reaper” PUA-sı itirib. Bu modeldən olan hər dronun qiyməti təxminən 30 milyon dollardır.

Telekanalın məlumatına görə, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. İndiyədək 100-dən çox gəmiyə hücumlar olub. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.