27 aprel 2024 16:26
280

İnkişaf üçün böyük stimul

Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Prezident İlham Əliyevə milyonların sevgisi, dəstəyi şəksizdir.
2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı bu vədi vermişdir: “Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Dövlətə rəhbərlik edən şəxsin fəaliyyətinin effekti peşəkarlıq, səriştə, siyasi bacarıqla yanaşı, həm də onun məqsədindən birbaşa asılıdır. Əgər məqsədin mərkəzindən xalq dayanırsa, sözsüz ki, uğurlar ard-arda gələr. Məhz Azərbaycanın bugünkü nailiyyətlərinin kökündə Prezident İlham Əliyevin xalqına olan dərin məhəbbəti və vətəndaşlarının xoşbəxtliyini, dövlətimizin inkişafını özünün amalı hesab etməsi durur. O, ilk dəfə prezident seçildiyi gündən xalq içərisində oldu. Əsasən regionlara etdiyi səfərlərdə sakinlərlə görüşür, səmimi söhbətlər edir, təkliflərini dinləyir, eləcə də dövlətimizin inkişafı naminə görülmüş və görüləcək işlərdən danışır. Həmçinin hansısa müəssisəyə, zavoda, fabrikə baş çəkirsə, açılış mərasimində iştirak edirsə, mütləq işçilərlə də söhbətləşir, iş şəraiti ilə maraqlanır. Məmurları vəzifəyə təyin edərkən xalqa xidməti onların qarşısında ali məqsəd kimi qoyur. Odur ki, Prezident İlham Əliyev xalqımızın böyük sevgisini və tükənməz dəstəyini qazanıb. Bunun bariz nümunəsi 2003-cü ildə seçicilərin 76 faizindən çoxunun, 2008-ci ildə 88,73, 2013-cü ildə 84,54, 2018-ci ildə isə 86,02 faizinin cənab İlham Əliyevə səs verməsi və yüksək etimad göstərməsidir. Prezidentimiz ona olan etimadları hər zaman xalqımızın və dövlətimizin həyatında gördüyü misilsiz işlər, verdiyi vacib qərarlar və atdığı real addımlarla layiqincə doğruldur”.
Son 20 ildə Azərbaycan dövlətinin keçdiyi yola nəzər saldıqda bütün sahələrdə inkişaf, tərəqqi görürük. Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərin tarixi də göstərir ki, hətta onların iki yüz ildə getdiyi yolu, qazandıqlarını Azərbaycan iyirmi ildə əldə edib. Bu, təbii ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasının mükəmməliyindən və onun layiqli tətbiqindən irəli gəlir. İlham Əliyev cənablarının mütərəqqi, milli məqsədlərə xidmət edən fəaliyyəti iqtisadi cəhətdən güclü və müstəqil, əmin-amanlığın, sabitliyin dərin kök saldığı, regionun mərkəzi və qlobal mövqeləri yüksək olan Azərbaycanı ortaya qoydu. Axırıncı 20 ilin statistikasına baxarkən ancaq yüksəliş, inkişaf görürük. Bu illər ərzində dünyada dəfələrlə müxtəlif sahələrdə böhranlar yaşanıb, dünya iqtisadiyyatına mənfi təsir edən, ağır fəsadlar törədən qanlı müharibələr baş verib. Amma bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dönməz xarakter alıb, davamlı olaraq inkişaf edib. Bu, nailiyyətlər Prezident İlham Əliyevin tamamilə müstəqil siyasətinin, həyata keçirdiyi davamlı sosial-iqtisadi islahatların və beynəlxalq səviyyəli layihələrinin nəticəsidir. Sürətli inkişaf tempi bir daha əmin edir ki, istənilən iqtisadi böhrana sinə gərən Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək.

Prezident İlham Əliyevin yüksək dəqiqliklə həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanı dünya ölkələri arasında böyük söz sahibinə çevirib, beynəlxalq mövqelərini möhkəmləndirib. Mövzusundan asılı olmayaraq, regional və beynəlxalq platformalarda aparılan müzakirələrə Azərbaycan dəvət olunur və Prezidentimizin rəy və təklifləri dinlənir, çıxışları dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bu ölkəmizin dünyada yerini və cənab İlham Əliyevin şəxsi nüfuzunu göstərir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi Prezidentimizin uğurlu xarici siyasətinin göstəriciləridir. Həmçinin ölkələr arasında sülhü və əməkdaşlığı təbliğ edən Prezidentimizin qlobala təşəbbüsləri beynəlxalq təşkilatların gündəliyinə salınır. “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil olunması dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Eləcə də Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinə, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin BMT-də qəbul olunmasına nail olub.”. 

Natəvan Məhərrəmova,
Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü