27 aprel 2024 23:59
401

Rəsmi səfər də, mətbuat konfransı da bəşəriliyə inam kimi tarixləşdi

Rəsmi dövlət səfərləri dövlətlərarası münasibətlər sistemini daha da möhkəmləndirir. Azər­bay­canın dövlət müstəqilliyi bərpa edildikdən sonra dünyanın əksər dövlətləri Azərbaycanı rəs­mən tanıdı, ikitərəfli əlaqələr yarandı. İkinci Qarabağ müharibəsindən sonra bu əlaqələr daha etibarlı səviyyədə möhkəmləndi. Azərbaycanla Almaniya aarsında əlaqələr də bu baxımdan diqqəti çəkir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri də bu xarakterdə oldu. Səfər zamanı təşkil edilən mətbuat konfransında cənab Pre­zident İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsə də Azərbaycan – Almaniya münasibətlərinin necə davam edəcəyi haqqında informativ bilgi oldu. Ölkə baş­çımız dedi: “Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”. Bu fikir təkcə iki dövlət arasında əlaqələri deyil, həm də regionu əhatələyir.

Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir. Azərbaycan bu baxım­dan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Azərbay­can Res­pub­li­ka­sının Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haq­da da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və tə­bii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji po­ten­sialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”.

İkinci Qarabağ müharibəsi – Azərbaycanın ədalətli müharibəsi tarixi Zəfərlə başa çatdı. Dünyanın bəşəri dövlətləri haqqın, ədalətin təntənəsi kimi bu müharibəni də, qa­zanılan bu Zə­fə­ri də dəstəklədi. Mətbuat konfransında cənab İlham Əliyev qalib dövlətin adın­dan de­di: “Azər­baycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz su­ve­ren ərazi­si­nin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə su­ve­ren­liyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Ni­zamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”. Bu fikirlər işğalçı dövlətə siyasi, siyasi-hərbi dəstək göstərən dövlətlərə ciddi siyasi qınaqdır.

Yanacaq da dünyəvi problemlərdəndir. Bu baxımdan Azərbaycan dünyanın az dövlət­lə­rindəndir ki, böyük təbii ehtiyatlara malikdir. Bu, həm iqtisadi inkişafda, həm də dünyəvi mü­nasibətlərin inkişafında əhəmiyyətli amilllərdəndir. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev mətbuat konfransında dedi: “Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət veril­mə­lidir. Azərbaycan neftdən, qazdan əldə olun­­muş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məh­su­lumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zən­gə­zu­run bərpasına istiqamətləndirilir”

Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi + platformasının üzvü olduğunu xatırladan cənab Prezident İlham Əliyev bildirdi ki, bu, ölkə üçün əlavə üstünlük deməkdir. Bu baxımdan təbii sərvətləri, bu sıradan neft və qazla zəngin olan ölkə kimi Azərbaycan iqlim dəyişmələri məsələlərinin həllində öncüllərdən olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın iqtisadi sahə­də perspektivlərindən də danışaraq qeyd etdi ki,  Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya va­hid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslan­dırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatla­rı­mız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri, rəsmi səfərdə  mətbuat konfransında çıxışını Almaniya ictimaiyyəti də, Azərbay­can ictimaiyyəti də, dünya da maraqla izlədi. Bu maraq bəşəriliyə inamın marağı kimi tarixləşdi.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı