09 may 2024 00:00
388

Faşizm üzərində Qələbə Günü - 9 May

9 May tarixi bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Bütün xalqlar, o cümlədən Azərbaycan xalqı bu gün faşizm üzərində tarixi Qələbənin 79-cu ildönümünü qeyd edir. Bəşər tarixinin ən dəhşətli, ən qanlı, ən dağıdıcı müharibələrindən olan İkinci Dünya müharibəsi XX əsrin ən amansız faciələrindən biri hesab edilir. Bu müharibədə 60 milyondan çox insan həlak olub, milyonlarla insan yaralanıb, şikəst olub, itkin düşüb, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalıb. Minlərlə şəhər, kənd, qəsəbə dağıdılıb.

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib, 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan xalqı bu müharibədə ön cəbhədəki igidlikləri, hünəri ilə yanaşı, arxa cəbhədə də əzm, fədakarlıq nümayiş etdirib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov faşizm üzərində Qələbəyə öz töhfələrini veriblər.

Böyük Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış Sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Qətiyyətlə söyləmək olar ki, Bakı nefti faşizm üzərində Qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin respublikamızda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü hər il rəsmi dövlət bayramı səviyyəsində qeyd edildi. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.

Dövlət başçısı bu günlərdə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin. Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Birmənalı demək lazımdır ki, bütün bunlar İkinci Dünya müharibəsində Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən təqdir olunur, böyük minnətdarlıq hissi ilə qarşılanır.

Zahid Rza, “İki sahil”