30 aprel 2024 00:57
350

Milli maraqlara hörmət, sağlam əməkdaşlıq qarşılıqlı dəstək, həmrəylik!

Bu cür ülvi prinsiplər əsasında inkişaf edən Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasına önəmli töhfədir

Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada «Türk Əsri» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü
quruma üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi, dövrün tələblərinə uyğun intensivləşdirilməsi baxımından tarixi hadisə idi. Türk Şurasının yaradılması ilə bağlı sazişin 2009-cu ildə Azərbaycanın qədim məskənlərindən olan Naxçıvan şəhərində keçirilən toplantıda imzalanması ilə oxşar tarixə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə malik dövlətlər qarşısında mühüm vəzifələr qoyuldu. O vaxt sazişi imzalayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin dövlət başçılarının birgə səyi ilə genişlənən dövlətlərarası əməkdaşlıq sayəsində 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməklə üzvlərinin də sayı artdı.

Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişləndikcə təşkilatın beynəlxalq nüfuzu da artır. Şərqdən Qərbə uzanan, beynəlxalq əhəmiyyəti artan Orta Dəhliz layihəsinin qovşağında yerləşən, aparıcı rola, mühüm tranzit imkanına malik Azərbaycan əbəs yerə dünyanın nəqliyyat xəritəsini yeniləyən dövlət adlandırılmır. Türk dövlətlərinin birliyinin vacibliyini «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev TDT-yə üzv ölkələr arasında iqtisadi, siyasi münasibətlərin möhkəmlənməsini qlobal problemlərlə zəngin əsrimizin mühüm amili adlandırır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Orta Dəhlizin mühüm tərəfdaşlarından olan Azərbaycanda xüsusi diqqət yetirilən nəqliyyat-logistika infrastrukturu müasir tələblərə tam cavab verir, bu marşrut üzrə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artır. Təsadüfi deyil ki, 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Bu artım ölkəmizin türk dövlətləri ilə iqtisadi əlaqələrinə müsbət təsirini göstərir. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.
Dünya birliyində etimad qazanan qurum kimi tanınan TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.

Təşkilata üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də layiqli töhflərini verirlər. Füzulidə qardaş Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstanın xalqımıza hədiyyəsi olan Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin istifadəyə verilməsi qardaşlıq töhfələrinin nümunələrindəndir. Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan «Dost Aqropark» ağıllı kənd təsərrüfatı kompleksi, eyni zamanda, ötən ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına TDT-yə üzv dövlətlərin dəstəyi ortaq soykök, ortaq tarix və mədəniyyət, milli dəyərlərin ifadəsi idi. Türk Dövlətləri Təşkilatının Astana Zirvə toplantısında qəbul olunan «Türk dünyasının perspektivləri - 2040» Bəyannaməsində türk birliyinin yol xəritəsi, perspektivləri dəqiqliyi ilə göstərilir.

Qarşıdakı illər üçün nəzərdə tutulan sənəddə tərəflər terrorizm və qeyri-qanuni silah ticarəti ilə mübarizədə səylərini birləşdirəcəklərini bəyan ediblər.

Bu il aprel ayının 24-də Qırğızıstanın Prezidenti Sadır Japarovun ölkəmizə səfəri TDT üzv dövləri arasındakı həmrəyliyə daha bir nümunədir. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verilən töhfələrlə zəngin olub. Azərbaycana səfəri çərçivəsində Ağdamda Şahbulaq qalasında, Pənahəli xanın sarayında, İmarət kompleksində aparılan bərpa- quruculuq işləri ilə tanış olan, rayonun Xıdırlı kəndində Qırğızıstanın təşəbbüsü ilə inşa olunacaq kənd məktəbinin təməlqoyma mərasimində, Cümə məscidinin açılışında birgə iştirak edən prezidentlər Füzuli rayonunda da maraqlı görüşlər keçirmiş, şəhərin Baş planı ilə tanış olmuşlar. Birgə Bəyannamənin əhəmiyyətini mətbuata bəyanatlarında xüsüsilə qeyd edən prezidentlər iki qardaş ölkə arasında imzalanan sənədləri münasibətlərin gələcək inkişafı baxımından yüksək dəyərləndirdilər.

«Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək» sözləri ilə qarşılıqlı səfərlərin artıq ənənəvi formalaşmasını bütünlükdə TDT üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident İlham Əliyev bu ilin iyulunda Şuşada keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini də vurğulamışdır. Qırğızıstanlı həmkarını noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq konfransında iştiraka dəvət edən Prezident İlham Əliyev bu cür görüşləri qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərli adlandırıb.

Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirakını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulamışdır ki, Mərkəzi Asiya və Xəzər, Xəzər və Cənubi Qafqaz regionları arasındakı enerji resursları, nəqliyyat yolları, ticarət əlaqələri böyük əhəmiyyət kəsb edir: «Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.»

Dövlət başçımız «Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında» Sazişə əlavələri gələcək inkşaf üçün önəmli addım adlandırmışdır. Yeni təkliflərlə daha da zənginləşdiriləcək Nizamnamə fondunun 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara çatdırılması bölgə üçün mühüm əhəmiyyətə malik həllini gözləyən layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq imkanlarını artıracaq. «Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq» söyləyən cənab İlham Əliyev Qırğızıstanın təşəbbüsü ilə Ağdam rayonunda inşa olunacaq orta məktəb təşəbbüsünü qardaş dəstəyi adlandırmışdır.
Kommersiya cəlbediciliyi baxımından hər iki dövlət üçün əlverişli olan energetika, nəqliyyat sahələrinə bərpaolunan enerji üzrə investisiya layihələrinin də əlavə edilməsi, iri miqyaslı dəmir yollarının tikintisinə diqqətin artırılması bölgə üçün önəmli investisiya proqramlarının tərkib hissəsidir. Vurğulanmışdır ki, Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya nəqliyyat marşrutları təkcə məsafə nöqteyi-nəzərindən önəmli deyil. İkitərəfli əməkdaşlıq formatı infrastruktur layihələrinin həllini daha tez intensivləşdirəcək təşəbbüslərdəndir.

Azərbaycanlı həmkarı ilə Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək məsləhətləşmələri yüksək qiymətləndirən Qırğızıstan Prezident Sadır Jarapovun vurğuladığı kimi, ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində davam edən danışıqlar ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir: «Görüşümüzün yekunlarına dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamə imzalandı. Bu sənədin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.» Cari il ərzində Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində keçiriləcək tədbirləri türk birliyinə növbəti töhfə adlandıran hər iki dövlət başçısı əldə olunmuş razılaşmalardan məmnunluqlarını ifadə etmişlər. «Mən hörmətli İlham Heydər oğlunu təbrik etdim və fürsətdən istifadə edərək bütün qardaş Azərbaycan xalqını qlobal miqyaslı tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi hüququnu əldə etdiyinə görə təbrik edirəm. Həqiqətən bu, mühüm hadisədir və biz ürəkdən şadıq ki, qardaş ölkə belə irimiqyaslı tədbirə ev sahibliyi edir» sözləri ilə qardaş Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini türk birliyinin rəmzi adlandıran Sadır Japarov iki ölkə arasındakı danışıqların nəticələrindən dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etmişdir.

Zəngəzur dəhlizinin bərpası ilə türk dünyasının pozulan coğrafi bağlantısının, tarixi ədalətin, TDT dövlətləri arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə çatacağını «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq» söyləyən Prezident İlham Əliyevin sözlərinin gerçəkləşəcəyi gün türk dünyasının həmrəylik bayramı olacaq.  

Xuraman İsmayılqızı, «İki sahil»