Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövr işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Mayın 10-da 32 ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşdülər. Cənab İlham Əliyev tarixi Zəfərimizdən və yaratdığı reallıqlara uyğun olaraq görülən işlərdən geniş bəhs etdi. Diqqət mədəniyyət paytaxtımız Şuşada aparılan bərpa-quruculuq işlərinə yönəldildi.
Təkcı bir səfər çərçivəsində atılan addımlara diqqət yetirmək kifayətdir. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi. Dövlətimizin başçısı bəzi sosial obyektlərdə görülən işlərlə tanış oldu. Hər səfər Böyük Qayıdışın daha da sürətlənməsini təmin edən addımlarla diqqətdə olur. Ulu Öndərin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Bütün işlər çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında həyata keçirilir. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.
Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Cənab İlham Əliyev açılış mərasimindəki çıxışında bildirdi ki, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. İlk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşdılar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.
Dövlətimizin başçısı bildirdi ki, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.
Birlik, həmrəylik bayramı olan “Xarıbülbül” musiqi festivalı tarixi Zəgfərimizin reallıqlarının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynadı. Qeyd edək ki, möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olundu.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi