16 may 2024 13:26
404

Şuşa Zəfər tariximizin rəmzidir

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığından, Qarabağın döyünən ürəyi, ölkəmizin, İslam dünyasının mədəniyyət paytaxtı olan bu doğma şəhərin erməni işğalından azad olunmasından, həmçinin bu ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb.

İlkin mərhələdə doğma Şuşa şəhərinə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Xalqımız elə bir qəhrəmanlıq, fədakarlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Bizim xalqımıza hörmət edirlər. Çünki Azərbaycan öz haqqını danışıqlar yolu, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa edib. Ordumuz şəhərlərimizi, kəndlərimizi azad etdi, qan töküldü, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş Qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Artıq Şuşanın yeni tarixi başlayır. Prezident 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. 10 may tarixində Ulu Öndərin doğum günündə ölkəmizin mədəniyyət paytaxtında üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Ötən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulub. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. Şərait çox gözəldir və uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.

Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə Azərbaycan hökuməti dünyanın aparıcı şirkətlərini cəlb edib, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri